Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-08 14:44:00
“0” qiyməti alan tələbələr: Özlərini yetərsiz, alçaldılmış hiss edirlər

Universitetə təzə başlayan tələbələrin adaptasiyası bəzən bir neçə ay çəkə bilir. Belə olan halda tələbələrin dərsə olan həvəssizliyinə müəllimlər “0” qiyməti yazmaqla onları sanki cəzalandırmış olurlar. Bu da öz növbəsində tələbələrin bəzən dərsdən uzaqlaşmasına gətirib çıxarır.

 

Maraqlıdır, bu halda müəllimlər tələbəni dərsə  cəlb etmək üçün nə etməlidirlər?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan sabiq deputat, təhsil üzrə ekspert Sona Əliyeva qeyd edib ki, tələbəyə 0 bal verilməsi, tələbənin psixoloji baxımdan vəziyyətini daha da pisləşdirə bilər:

 

“Məsələn, onlar özünü yetərsiz, utanmış, alçaldılmış, və ya mühakimə olunmuş kimi hiss edə bilərlər. Belə yanaşma tələbələrin, nəinki oxumaq motivasiyasını, həm də onların özünə olan inamını azaldır. Daha dəstəkləyici mühit yaratmaq, maraqlı dərslər hazırlamaq, tələbələrin rəy bildirilməsinə şərait yaratmaq və təbii ki, onlara qarşı daha təmkinli münasibət sərgiləmək yaxşı olardı. Lazım gəldikdə tələbələrlə görüşmək, narahatlıqları və çətinlikləri ilə bağlı onları dinləmək, açıq və səmimi ünsiyyəti təşviq etmək də yararlı olacaqdır”.

 

Sona Əliyevanın sözlərinə görə, fərqli öyrənmə üslublarından istifadə, qrupiçi müzakirələr və layihələrdə iştirak kimi vasitələr yeni tələblərin sosiallaşmasına, özlərini yalnız hiss etməmələrinə, eyni çətinliklərin onlar kimi başqalarının yaşadığını aşılamaq fayda verəcəkdir:

 

“Sadəcə qiymət verərək, tələbənin biliyini ölçmək deyil, akademik məsləhətlər verməklə onun səhvlərini başa düşərək öyrənməsini təmin etmək lazımdır. Bu onlara zəif və güclü tərəflərini bilməyə, öz potensialını aşkar etməyə imkan verəcək. Təbii ki, bunlar ümumi tövsiyələrdir və hər bir tələbə üçün fərqli yanaşma tətbiq oluna bilər. Odur ki, tələbələrin bu tip problemlərinə valideynlər və müəllimlər həssas yanaşmalı, kömək etməyə hazır olmalıdırlar”.