Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-05 15:51:03
DİM-də bu fənlər üzrə hazırlıq kursları başa çatıb

Dövlət İmtahan Mərkəzində (DİM) buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. 

 

AzEdu.az xəbər verir ki, kurslarda Bakı şəhərindən 164, regionlardan (Gəncə, Şəki, Şirvan, Şəmkir, Göyçay, Bərdə, Lənkəran, Xaçmaz) isə 70 nəfər iştirak edib. Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.  

 

Hazırlıq kursları üç mərhələdən ibarət olub. Birinci mərhələdə (nəzəri hissə) iştirakçılara müvafiq fənn kurikulumunun mahiyyəti, ölkənin təhsil sistemində tətbiq edilən qiymətləndirmə formaları və imtahanlarda istifadə edilən qapalı və açıq (cavabı kodlaşdırılan və yazı ilə ifadə olunan) tipli tapşırıqların hazırlanması, cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları haqqında təqdimatlar edilib.

 

İkinci mərhələdə (praktiki hissə) iştirakçılar əldə etdikləri nəzəri biliklər əsasında ev tapşırığını yerinə yetiriblər. İştirakçılar tərəfindən ev tapşırığı kimi hazırlanmış tapşırıqların hər biri müvafiq fənn kurikulumunun təlim nəticələri və alt standartların tələbləri baxımından tipinə, relevantlıq kateqoriyalarına və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Bu mərhələdə məqsəd iştirakçıların həm müəllif, həm də ekspert kimi formalaşmasıdır.

 

Üçüncü mərhələ (kalibrləmə) cavabı yazı ilə ifadə edilən tapşırıqların yoxlanılması prosesidir. Qeyd edilən hazırlıq kurslarının Bakı şəhərindən olan iştirakçıları kalibrləmə prosesindən Dövlət İmtahan Mərkəzinin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında, regionlardan olanlar isə yaşadıqları əraziyə yaxın olan DİM-in regional bölmələrində keçiblər. Kalibrləmə prosesindən keçmiş müdavimlərə sertifikat təqdim ediləcək.