Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 13:12:00
AzTU-nun aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunları...

2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. 

 

Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2016-cı il aprelin 2-də Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı.

 

Ordumuzun qəti zərbələri nəticəsində Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Ordumuz Aprel döyüşlərində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. 

 

Dördgünlük Aprel döyüşləri zamanı Ermənistan ordusu haqqında ermənilərin yaratdığı “məğlubedilməzlik” mifi darmadağın edildi. Aprel döyüşləri Azərbaycanın işğalla heç vaxt barışmayacağını dünyaya göstərdi və 44 günlük müharibədə qazanılan Şanlı Qələbənin təməli oldu.

 

Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Ordumuzun zabit və əsgərləri həmin döyüşlərdə böyük hünər və rəşadət göstərdilər.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları - Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyev də Aprel döyüşləri zamanı qəhrəmanlıqları ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksəldilər.

 

AzTU şəhidlik zirvəsinə yüksələn tələbə və məzunlarını qürurla anır, onların xatirəsini ehtiramla yad edir.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!