Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 11:06:49
Vasif Eyvazzadəyə ABŞ-da yüksək vəzifə verildi

Vasif Eyvazzadə çoxmərhələli müsabiqə prosesini uğurla keçərək dünyanın ən nüfuzlu ali təhsil məktəblərindən biri olan Johns Hopkins Universitetinin yüksəkvəzifəli heyət kateqoriyasında bu təhsil ocağının Jhpeigo beynəlxalq təşkilatının Qlobal insan resurslarının Müxtəliflik, Bərabərlik və İnklüzivlik müdiri vəzifəsinə təyin edilmişdir.

 

AzEdu.az xəbər verir ki, V.Eyvazzadə bu vəzifədə Jhpiego təşkilatının ABŞ və 35-dən çox ölkədə fəaliyyət göstərən ofislərinin əməkdaşları arasında irqi, milli, mədəni, dini, gender, sosial və fiziki status müxtəlifliyi, bərabərliyi və inklüzivliyi təmin edən siyasət, strategiya və layihələrin hazırlanması və hayata keçirilməsinə rəhbərlik edəcək, eyni zamanda bu sahədə təşkilatın ümumi siyasətinin formalaşdırılmasına, Johns Hopkins Universiteti, həmçinin beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlığın qurulmasını dəstək verəcəkdir.

 

1985-ci ildə Astara rayonunda anadan olan Vasif Eyvazzadə 2002–2008-ci illərdə Azərbaycan Dillər Universitetində “beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr və magistr pillələrini, 2013–2016-cı illərdə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə bakalavr pilləsini, 2017–2019-cu illərdə Böyük Britaniyanın Koventri Universitetində “Dövlət idarəçiliyi və Qlobal müxtəlifliyin idarə edilməsi ixtisası” üzrə magistr pilləsini, 2021-2023-cü illərdə isə İspaniyada GBSB Qlobal Biznes Məktəbində “Biznes innovasiyaları” üzrə magistr pilləsini bitirib. 2009-cu ildə Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti)  "Beynəlxalq danışıqları aparma bacarıqları", "Beynəlxalq idarəetmə bacarıqları", "İctimai əlaqələr üzrə beynəlxalq bacarıqlar", 2023--cü ildə isə ABŞ-da HR Sertifikatlaşdırma İnstututu və Cənubi Florida Universitetinin müxtəliflik, bərabərlik və inklüzivliyin idarəedilməsi üzrə sertifikatlaşdırma proqramlarını bitirib.

 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən sivilizasiyalararası dialoq və UNESCO fəaliyyətləri ilə bağlı 2016-cı ildə “3-cü dərəcə vətənə xidmətə görə ordeni”, 2019-cu ildə AR Prezidentinin Fəxri Diplomu ilə təltif edilmiş, həmçinin TÜRKSOY, “Nizami Gəncəvi” yubiley medalları və Fəxri mədəniyyət işçisi döş nişanına da layiq görülmüşdür.

 

V.Eyvazzadə 2021-ci ildə Parisdə UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasının prezidenti, 2015-2021-ci illərdə ICESCO üzrə Azərbaycan Milli Komissiyasının Baş katibi olmuşdur.

 

2006-2021-ci illərdə AR Mədəniyyət Nazirliyində Elmi mərkəzin beynəlxalq əlaqələr bölməsinin müdiri, nazirliyin aparatında Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi, sektor müdiri, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri, aparat rəhbərinin müavini və aparat rəhbəri vəzifələrini tutmuşdur.

 

V.Eyvazzadə 2008-2021-ci illərdə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaşı olduğu "Bakı Prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (2011, 2013, 2015, 2017, 2019) Beynəlxalq İşçi Qrupun və Təşkilat komitəsinin  katibi, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsi (2013), ICESCO-nun Baş Konfransı (2015), BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu (2016), UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü Sessiyasının (2019) Əməliyyat qrupunun rəhbəri olub. 2018–2021-ci illərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Koordinasiya qrupunun üzvü, 2019–2021-ci illərdə Yaradıcı sənayelərin inkişafı üzrə işçi qrupun rəhbəri, 2022-ci ildən isə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədridir.

 

80-dən çox xarici ölkədə keçirilmiş 200-dən çox konfrans, forum və iclaslarda, hökumətlərarası komissiyalarda  Azərbaycanı təmsil edən V.Eyvazzadə 2008-2022-ci illərdə UNESCO-nun qeyri-maddi mədəni irs, dünya irsi siyahısına daxil edilmiş mədəni irs nümunələrimiz, yaradıcı şəhərlər şəbəkəsinə daxil edilmiş şəhərlərimizlə bağlı namizədlik dosyelərinin hazırlanması prosesini koordinasiya etmişdir. 2022-ci ildə “İrsin idarəedilməsi” Təlim Proqramlarını təsis edərək on beşdən çox dövlət orqanına UNESCO-nun mədəniyyət, irs, mədəni müxtəliflik, silahlı münaqişə sahələrində konvensiyaları ilə bağlı beynəlxalq və yerli ekspertlərin iştirakı ilə xüsusi təlimlər təşkil etmişdir.

 

2021-ci ildə Azərbaycan Hökuməti ilə BMT Sivilizasiyalar Alyansı və ICESCO-nun birgə elan etdiyi "Mədəniyyət naminə Sülh" (Peace4Culture) Qlobal Çağırışı və bu çərçivədə bir sıra layihələrin ideya müəllifidir.

 

2022-ci ildə  London şəhərində dünyanın bir sıra nüfuzlu alim və şəxsləri ilə birgə yaradılmış “İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurası”nın həmtəsisçisi və 2023-cü ildə isə ABŞ-da yaradılmış Innovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutunun (ABŞ) təsisçisidir.

 

2009–2011-ci illərdə həqiqi hərbi xidmət keçib və ehtiyatda olan zabitdir (leytenant).

 

Ailəlidir və 3 övladı var.

 

V.Eyvazzadəyə yeni vəzifəsində uğurlar arzu edirik.