Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-01 10:12:00
Ənənəvi plan üzrə mütəxəssis yetişdirmə dövrü bitib

Bəzi sahələr var ki, onların ali təhsil müəssisələrində ixtisaslaşması aparılmır, ancaq iş mühitində mütəxəssislərə ehtiyac duyulur.

 

Belə olduğu halda ixtisası tədris olunmayan peşələrin peşəkar kadr hazırlığı ilə kimlər məşğul olmalıdır?

 

Ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov AzEdu.az-a mövzu ilə bağlı açıqlama verib.

 

E.Süleymanov bildirib ki, tədris proqramının tez-tez dəyişməsi  mümkünsüzdür:

 

“Universitetlər ümumi istiqamət üzrə mütəxəssis yetişdirir. İş dünyasının tələblərindən asılı olaraq mütəxəssislərin özünü inkişaf etdirməsi, profillərinin dəyişdirilməsi, ixtisasartırma təlimlərinə yönəlməsi məzunun öz karyera inkişafı ilə əlaqəlidir. Çünki biznes qurumlarının gözləntiləri sürətlə dəyişir. Universitetin öz tədris proqramlarını tez-tez, təcili dəyişməsi isə çətin, hətta mümkünsüzdür. Çünki tədris proqramının dəyişdirilməsi müəyyən zaman alır. Hər hansısa populyar peşə müəyyən vaxtdan sonra öz populyarlığını itirə də bilir. Həmçinin ani olaraq elə peşələrə ehtiyac duyula bilir ki, qısa zamanda mütəxəssis hazırlanması mümkün olmur.

 

Ümumi yanaşma bu cür olmalıdır: Tələbə məzun olarkən hansı bilik və bacarıqlarla məzun olur və daha sonra onu tətbiq edərkən nələrə ehtiyac duyulur. Bir mühəndis ümumi istiqamət üzrə prosesin necə idarə olunduğunu bilməlidir, ancaq məhz mühəndisliyin konkret sahəsi üzrə (məsələn kompüter mühəndisi) universitet təhsilindən əlavə sertifikat və ixtisaslaşma təlimi də alması lazımlıdır. Ən çox tələb olunan iş sahələri bəzən məzunların ən çox olduğu sahələr olmaya bilər. Bazar daha praktik və çevikdir. Elə vəzifələrə vakansiyalar olur ki, bunun üçün heç ali təhsilə də ehtiyac duyulmur. Təlim kursları, müəyyən sertifikatlarla 4 illik təhsil müddətində ala biləcəyi bacarıqlara sahib ola bilir. Amma qeyd etdiyim kimi, bu universitet tələbələrini yanıltmamalıdır. Tələbə özündə baxış formalaşdırmalıdır. Əmək bazarına adaptasiya ilə bağlı da özünün şəxsi karyerasında nəyi harada və hansı müddətə planlayacağını bilməldir. Universitet tələbəyə analtik düşünmə qabiliyyəti qazandırır. Artıq məzun olmuş şəxs həmin analitik düşünmə bacarığının tətbiq edərək karyerasının harada necə inkişaf etdirəcəyini bilir. Bəzən universitetdə öyrənilən müəyyən nəzəriyyələr praktikada heç istifadə olunmur, amma bu o demək deyil ki, o lazımsızdır. Əsas olan istifadə olunduğu anda nəyi, necə ediləcəyinin bilinməsidir”.

 

“Artıq ənənəvi plan üzrə mütəxəssis yetişdirmə dövrü bitib”,- deyə ekspert vurğulayıb:

 

“Beynəlxalq səviyyədə Davos İqtisadi Forumu, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Əmək Təşkilatı mütəmadi olaraq hesabatlar hazırlayırlar. Bu hesabatlarda gələcək peşə meyilləri, inkişaf etmiş və etməkdə olan ölkələr üzrə aparılır. Düşünürəm ki, həmin hesabatları yerli ali təhsil müəssisələri öz proqramlarında diqqət etməlidirlər. Artıq ənənəvi plan üzrə mütəxəssis yetişdirmə dövrü bitdi. Yerli, eləcə də beynəlxalq bazar çox dinamikdir. Şirkətlər işə qəbul prosesində çox rəqabətli davranırlar. 10-20 il əvvəl universitetlər daha rahat idilər. Universitet məzunlarının məşğulluğu, müqavilələr, dövlət qulluğuna, eləcə də magistraturaya qəbulda əvvəllər indiki kimi monitorinqlər aparılmırdı. Ancaq indi məzunların ixtisasları üzrə işləməsi, işə qəbulu, iş fəaliyyətində məhsuldarlığı ölçülür. Bununla əlaqəli statistikalar, hesabatlar hazırlanır. Bu da universitetin reytinqinə təsir göstərən məqamlardan biridir. Ali təhsil üzrə reytinq qurumlarının əhəmiyyətli reytinq göstəricisi məzunların sahəsi üzrə məşğulluğu ilə bağlıdır. Universitetlərin məzun karyera mərkəzi güclənməlidir. Onlar daha sistemli, daha məqsədəuyğun iş aparmalıdır”.