Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-28 17:06:25
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent Sübhan Talıblının “1918-ci ildə Lənkəran, Cavad və Göyçay qəzalarında azərbaycanlıların soyqırımı” adlı məqaləsi Tehranda “Xudafərin” jurnalında dərc olunub.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, dosent Sübhan Talıblı məqalədə çar Rusiyası və bir sıra dövlətlərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə, kütləvi qırğınlar, soyqırımı həyata keçirdiklərini qeyd edib. Məqalədə 1918-ci ildə regional və beynəlxalq güclərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında yaratdıqları “Ermənistan”ın onların himayəsi ilə 1905-1907-ci, 1918-ci, 1920-ci, 1948-1953-cü, 1988-ci illərdə, eləcə də I Qarabağ müharibəsi dövründə türk-müsəlman xalqlarına qarşı deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirdiyi vurğulanıb.

 

Məqalədə bildirilir ki, 1918-ci il avqustun 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli xan Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası yaradılıb. Əsas məqsəd erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək olub. Əlimərdan bəy Topçubaşov Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı materialları və fotoşəkilləri Paris Sülh Konfransına təqdim etmişdi.

 

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı” haqqında 1998-ci il 26 mart tarixli Fərmanının, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamının ermənilərin cinayətkar və terror əməllərinin araşdırılması, o cümlədən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından böyük tarixi, siyasi və hüquqi rolu olduğunu yazan müəllif 2007-ci il aprelin 1-də Qubada aşkar olunmuş soyqırımı məzarlığında azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələrinin də amansızcasına qətlə yetirilərək basdırıldığını bildirib.

 

Dosent Sübhan Talıblı məqalədə Lənkəran, Cavad və Göyçay qəzalarında baş vermiş soyqırımı haqda Azərbaycan, türk, rus və digər xarici dilli mənbələrə, eləcə də həmin dövrlə bağlı dövri mətbuata istinad edərək yazıb.