Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-23 17:36:16
Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin kitabı təqdim edilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabının təqdimat mərasimi keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çıxışında Azərbaycan maarifçi hərəkatının inkişafında da Abdulla Şaiqin böyük rolu olduğunu bildirib. Mehman Həsənli Abdulla Şaiqin Azərbaycan ədəbiyyatı tarixində və pedaqoji fikrinin inkişafında yeri və rolunun danılmaz olduğunu diqqətə çatdırıb.

 

Abdulla Şaiqin mənzil-muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə Abdulla Şaiqin ədəbiyyatımız və mədəniyyətimiz qarşısında xidmətlərindən danışıb, rəhbəri olduğu muzeydə görülən işlərin əhəmiyyətindən bəhs edib.

 

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Arzu Hacıyeva “Abdulla Şaiq irsində “Türk çələngi”nin yeri” mövzusunda məruzə ilə çıxış edib.

 

Ədəbiyyat İnstitutunun alimlərindən filologiya elmləri doktorları, professorlar İslam Qəribli, Asif Rüstəmli, Tahirə Məmməd, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, filologiya elmləri doktorları, dosentlər Lütviyyə Əsgərzadə və Eşqanə Babayeva çıxışlarında kitabın ümumtürk hərəkatına töhfəsindən söz açıblar.