Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-18 17:45:46
Şəhid övladı Novruz tonqalını alovlandırdı

 

Xalqımızın ən qədim adət-ənənələrindən olan milli birlik və həmrəylik bayramı Novruz Qax rayonunda böyük ruh yüksəkliyi ilə qeyd edilib.

 

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, baharın gəlişi münasibətilə martın 18-də Qax şəhərindəki “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində ümumrayon bayram şənliyi keçirilib.

 

Bayram tədbiri Novruz tonqalının alovlandırılması ilə başlayıb. Tonqalı Vətən müharibəsi şəhidi Fərid Dursunovun övladı alovlandırıb.

 

Dədə Qorqud və Bahar qızı şənlik iştirakçılarını qədim adət-ənənələrimizdən olan Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza bahar təravətli günlər arzulayıblar.

 

Sonra tədbir iştirakçıları xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən sərgilərə, guşələrə baxıb, el sənətkarlarının əl işləri və milli mətbəx nümunələri ilə tanış olublar.

 

Novruzun personajları olan Kosa və Keçəl şənlik boyunca məzəli oyunları, dadlı və duzlu zarafatları ilə hamıya xoş əhval-ruhiyyə bəxş ediblər.

 

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbir iştirakçılarını baharın gəlişi münasibətilə təbrik edib, milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, hər il beynəlxalq səviyyədə qeyd olunan bu bayram müstəqilliyimizin, milli dəyərlərə hörmət və ehtiramımızın göstəricisidir.

 

Bayram şənliyi rayonun bədii-özfaliyyət, rəqs və folklor kollektivlərinin hazırladıqları maraqlı konsert proqramı ilə davam edib.