Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-18 14:44:18
Azərbaycan və Türkiyə gəncləri “Vikipediya” təlimlərində iştirak edirlər

“Qorqud” Vikipediya Metodik Klubunun, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) Gənclər Təşkilatının birgə təşkilatçılığı və TAİB Gənclər Təşkilatının Türkiyə nümayəndəliyinin dəstəyi ilə qardaş ölkədə “Vikipediya” təlimlərinə start verilib.

 

Bu barədə AzEdu.az-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, təlimlər Vətən müharibəsi qazisi, təcrübəli vikipediyaçı və “Qorqud” Vikipediya Metodik Klubunun təlimçisi Qədir Quliyev tərəfindən keçirilir. Onlayn təşkil edilən təlimlərə Azərbaycandan və Türkiyədən 50-dən çox gənc qatılıb. Gənclər təlimlərdə böyük həvəslə iştirak edirlər. “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Sübhan Xıdırzadə gənclərlə öz təcrübələrini bölüşüb və fəaliyyətlərində uğurlar arzulayıb. Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin Gənclər Təşkilatının Türkiyə nümayəndəliyinin sədri Yusif Sina Atıcı, sədr müavini Aysu Rzayeva və idarə heyətinin üzvü Məhəmməd Abdullayev iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafında gənclərin iştirakının önəmini vurğulayıb, bu cür tədbirlərin həyata keçirilməsi istiqamətində daha çox işlərin görülməsindən danışıblar.

 

Xatırladaq ki, təlimlər 10 dərsdən ibarət proqram çərçivəsində keçirilir. Təlimləri uğurla başa vuran iştirakçılar “AzViki”nin “Təcrübəli istifadəçi” kateqoriyasında fəaliyyətlərini davam etdirəcəklər. İştirakçılara Milli Məclisin deputatı Elnur Allahverdiyev və TAİB-in sədri Sudeif İmamverdiyev, TAİB-in təsisçisi Ramin Əhmədov tərəfindən diplom və sertifikatlar təqdim olunacaq.