Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-18 09:43:00
Valideynlər böyük problem olsalar da,yeganə problem deyillər - MÜSAHİBƏ

UWC SEA Dover Kampusunnun direktoru Nik Alçinlə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqin təhsillə bağlı müzakirəsini təqdim edirik:

 

Nik Alçin 1995-ci ildən bəri hərtərəfli, dəyərlərə əsaslanan məktəblərdə, həmçinin  UWCSEA Dover-də Bilik və Riyaziyyat Nəzəriyyəsini, sonra isə İsveçrədəki Beynəlxalq Cenevrə Məktəbində müəllim işləyibBöyük Britaniyanın Sevenoaks Məktəbində IB direktoru və Keniyanın Mombasa şəhərindəki Ağa Xan Akademiyasında tədqiqatlar dekanı vəzifələrində işlədikdən sonra 2012-ci ildə UWCSEA Şərq Liseyini yaradan komandaya rəhbərlik etmək üçün Sinqapura qayıdıb. O, 2022-ci ilin avqustunda kollecin rəhbəri vəzifəsini tutub.

 

Qlobal miqyasda Bilik Nəzəriyyəsi üzrə keçmiş IB Baş Qiymətləndiricisi və IB İmtahan Şurasının keçmiş sədr müavini, dərslik müəllifi, IB imtahançısı, seminar rəhbəri və məsləhətçidir.

 

Onun Kembricdəki Fitzvilyam Kollecində təbiət elmləri üzrə bakalavr dərəcəsi, Volfson, Kembric və Mançester kolleclərində Mühəndislik və Təhsil üzrə aspirantura sertifikatları və Açıq Universitetdə Təhsil Liderliyi üzrə magistr dərəcəsi var.

 

– Cənab Alçin, UWC məktəblərinin yaranma ideyası necə ortaya çıxdı?

 

– Bizim məktəbin qurucusu Kurt Hahn 1866-cı ildə Almaniyada yəhudi ailəsində doğulub. İkinci Dünya müharibəsində isə faşistlər tərəfindən əsir alınıb.

 

1955-ci ildə Parisdə NATO Müdafiə Kollecində səfərdə olarkan onun diqqətini maraqlı məqam çəkir: qısa müddət əvvəl bir-birilərini öldürən, müharibə edən hərbçilər indi üz-üzə oturub əməkdaşlıq qurur, dostluq nümayiş etdirirdilər. Bu hadisə ona UWC məktəbləri açmaq üçün ilham qaynağı olur və məktəb 1962-ci ildə təsis edilir. Beləcə, 1962-ci ildə Böyük Britaniyanın Uels şəhərində yerləşən UWC Atlantic (Atlantik Kolleci) ilk tələbələrini qəbul edir. İlk UWC məktəbi müxtəlif millətlərin nümayəndəsi olan gənclərin birgə təhsil nəticəsində potensial münaqişələrin qarşısını almağa hesablanmış anlaşma qura biləcəkləri ideyası üzərində qurulub. Hazırda UWC-nin 18 ölkədə beynəlxalq məktəbi var.

 

Hahn bir sıra məktəb və təhsil təşkilatlarının yaradılmasında rol oynayıb.

 

Təhsillə bağlı fikirlərini daim inkişaf etdirir; tez-tez sülhə aparan yol kimi təhsilin gücündən, eləcə də cəmiyyətdəki “mərhəmətin tənəzzülü”nü aradan qaldırmaq ehtiyacından danışırdı.

 

Sinqapur Beynəlxalq UWC Məktəbi 1970-ci ildə təsis edilib. Əvvəl yalnız yuxarı siniflər vardı, yəni nisbətən yuxarı yaşdakı uşaqlara təhsil verilirdi. İnkşaf etdikcə dövlət qurumları istədilər ki, birinci sinifdən son sinfə kimi şagirdlərin qəbulu aparılsın.

 

Sinqapur dövlətinin bizim məktəbə dəstəyinin xüsusi səbəbləri var: dövlət xarici vətəndaşların Sinqapur iqtisadiyyatını inkişaf etdirmələrində maraqlıdır. Üstəlik onların övladlarının da təhsil almağa ehtiyacları var. Ona görə də bizim məktəb məhz Sinqapur dövlətinin maraqlarına xidmət edir.

 

Hazırda bu məktəbdə altı mindən çox şagird təhsil alır: dünyada bu tipdə olan ən böyük məktəbdir.

 

Burada yüzdən çox millətin nümayəndəsi cəmləşib. Əksəriyyəti gəlmə xalqların uşaqlarıdır. Amma istisnalar da var; bir neçə sinqapurlu da burada təhsil ala bilir. Amma normalda icazə verilmir; dövlət sinqapurluların belə beynəlxalq məktəbdə təhsil almasında maraqlı deyil. Məktəbimizin təkcə inzibati heyəti üç yüz nəfərdən ibarətdir: hamısı da elmi işlə məşğul olan tədqiqatçılardır.

 

– Bəs pedaqoji heyətin sayı nə qədərdir?

 

– Dəqiq rəqəmə baxmaq lazımdır, amma təxminən beş yüz altmış nəfər müəllim var. On şagirdə bir müəllim düşür.

 

Məktəbin iki kampusu var: hər ikisi eyni böyüklükdədir. Əsasən, beş faktor üzrə uşaqlara dərs verməyə çalışırlar. Hər şagirdi müxtəlif yönlü yetişdirməyə çalışırıq. Əsas istiqamətlər akademik və sosial qabiliyyətlərdir. Uşaqlar bu tələblərin hamısına cavab verməlidirlər.

 

Bağçadan səkkizinci sinfə kimi məktəbimizin öz kurikulum sistemi var, amma səkkiz, doqquz və onuncu siniflərdə Britaniya kurikulumu əsasında tədris verilir. Bu da bizi qane etmir. Çalışırıq, dəyişək, öz kurikulumumuzu hazırlayaq.

 

– Sinqapur təhsil modelinin sizə təsiri necədir?

 

– Gəlib ziyarət eləsəniz, birbaşa Sinqapur sistemini görə bilməzsiniz. Biz daha çox beynəlxalq məktəbik deyə digər məktəblərimiz daxil olmaqla özümüzün ayrıca yaratdığımız kurikulum sistemi var, yəni fərqlidir.

 

– Sizə görə, Sinqapur təhsil modelinin uğurlu və uğursuz tərəfləri hansılardır?

 

– Mən öz düşüncələrimi də deyərəm, amma Makkenzinin bununla bağlı yaxşı hesabatı var. Analiz aparılıb. Çox yaxşı təhsil sistemi olan ölkələr daha zəif sistemi olanlarla müqayisə edilib. Çox detallı analizdir. Məsələn, yaxşı məktəbdən mükəmməl məktəbə doğru getmək üçün atmalı olduğunuz addımlar xeyli fərqlidir. Pisdən yaxşıya doğru, ortababdan yaxşıya doğru... Ona görə də ümumi fikir formalaşdırmaq üçün sözügedən hesabat mənim düşüncələrimdən daha əsaslı yanaşma ortaya qoyar.

 

Sinqapur xalqı və mentaliteti burada çox böyük rol oynayır. Sinqapur əlli illik tarixi olan ölkədir. Məsələn, qırx-əlli yaşlı, bu mentalitetdə böyümüş bir müəllimi götürək: elə dərs keçir ki, uşaqların hamısı nəticəyönümlü olsun. Onlar da əllərindən gələni edirlər ki, uğur qazansınlar. Hətta o qədər ki mental çətinlik yaşayırlar, qırılma nöqtəsinə gəlib çıxırlar. Bu tipdə təhsil sistemi ancaq o ölkədə işləyə bilər ki, uşaqlar bu mentalitetdə böyüsünlər. Özlərini mental olaraq yoracaq qədər nəticəyönümlü hərəkət etsinlər. Sistemin işləmə prinsipi insanlardan, insanların mentalitetindən asılıdır.

 

– Sinqapur təhsil sistemi dünyada birdən-birə niyə bu qədər populyarlaşdı? Köklü, müxtəlif modellər, neçə illərin ənənəvi yanaşması var. Hazırda isə Sinqapur sistemini bütün təhsil müəssələrinə nümunə göstərirlər.

 

– Təkcə Sinqapur təhsil sistemini deməzdim. Sinqapur, ümumiyyətlə, bir çox şeyə görə dünyada tanınır: infrastruktur və s. Bu məşhurluq sadəcə təhsil sistemindən yox, Sinqapurun özündən qaynaqlanır. Sinqapur məhşur ölkədir. Bunun da səbəbi çox balaca olmasıdır.

 

İki müsəlman ölkəsi – İndoneziya ilə Malaziya arasında qalmışdı. Bir növ ölüm-qalım məsələsi idi. İki yol vardı: ya əllərindən gələni edəcək, çox çalışacaqdılar ki, yaşaya bilsinlər, ya da hansısa ölkənin tərkibində məhv olub gedəcəkdilər. Ona görə də birdən-birə sıfırdan mental səviyyədə çox yaxşı sistem yarandı.

 

 İnsanlar sıfırdan belə bir ölkə yaradıblar və çox sürətlə inkişaf ediblər deyə Sinqapurun əziyyət çəkdiyi nöqtələrdən biri də innovasiyadır. Bu cür sürətli inkişaf innovasiyanı öldürür. Qısa zamanda çox yaxşı yerə gəlib çıxıblar, indi də əziyyət çəkirlər ki, növbəti mərhələ nədir? Mənim də bu proses, təhsil sistemi ilə bağlı bəzi kitablarım var. Təhsilsiz, sıfır biliyi olan insanları birdən-birə çox rəqabətcil şəxslərə çevirə biliblər. Üstəlik bunu qısa zamanda ediblər deyə indi çətinlik çəkdikləri nöqtələrdən biri daha çox inkişaf etməklə bağlıdır.

 

Əslində, hamı bir nəfər kimi sistemin mükəmməl olduğunu demir, bu mövzuda debatlar gedir. İşin içinə girəndə fərqli yanaşmalar mövcuddur. Təhsil naziri istəyərdi ki, tamam fərqli formada olsun, məcbur qaldığı məsələlər var. Bu da sistemi tamam fərqli şəkildə yaradır. Son illərdə köklü dəyişikliklər aparılır. Məsələn, daha aşağı siniflərdə bəzi imtahanların aradan qaldırılması və s. Çox çətin sistemdir. Valideynlər bu sistemdə böyüyüblər, necə əziyyət çəkiblər. Uşaqlarının bir növ daha az nəticəyönümlü olmasını istəyirlər, çalışırlar ki, daha az qiymətləndirmə aparılsın.

 

Məsələn, Təhsil Nazirliyinin, uşaqların, müəllimlərin sistemdən xoşu gələ bilər, amma valideynlər narahat olursa, bu, böyük rol oynayır. Deyirlər ki, nazir postlarına kimlərin seçilməsinə siyasi mühitdə qərar veririk. Biz valideynlər bunda iştirak edirik. Bizim düşüncələrimiz çox önəmlidir. Ona görə də çox qarşıdurma olur: valideynlər fərqli sistem arzulayırlar, real vəziyyətin dəyişməsini istəyirlər.

 

– Müəllimlərin işə qəbulu hansı əsaslarla aparılır?

 

– Müəllimlərin işə götürülməsi prosesində, məsələn, İngiltərədəki yanaşma ilə buradakı arasında çox böyük fərq var. İngiltərədə kadrın hazırlıq prosesi daha uzun gedir: təhsil alır və s. Amma tələb təklifdən aşağıdır. Sinqapurda məhz neçə müəllimə ehtiyac varsa, o qədərinin təhsil almasına icazə verilir. Burada müəllim olmaq hədsiz çətindir. Çünki maaş o qədər də yuxarı deyil. Amma çox təhlükəsiz və həmişə ehtiyac duyulan peşədir. Ona görə də prestijli iş saymaq olar. Müəllimləri işə götürəndən sonra karyeralarının inkşafına çalışırıq və bu, çətin prosesdir. Bu səbəbdən bir çoxu yolun əvvəlində müəllim olmaq fikrindən daşınır. Amma müəllimlik yenə də prestijli sahə sayılır.

 

– Maraqlı məqama gəlib çatdıq, ümumiyyətlə, cənab Nik qiymətləndirmə sisteminə baxışını bilmək istəyərdim. Çünki bizdə həm ənənəvi imtahanlar var, həm də modern qiymətləndirmə. Müasir yanaşmada aşağı siniflərdə imtahan olmasına qarşıyıq. İstəyirik, uşaqlar azad, rahat böyüsünlər. Ümumiyyətlə, Sinqapur qiymətləndirməsi, bu metoda yanaşma və UWC məktəblərindəki vəziyyət necədir?

 

– Buradakı qiymətləndirmə ilə bağlı düşünürəm ki, qurulan sistemin yaratdığı nəticələr arasında iki milyardlıq əlavə müəllim biznesi var. Şagirdləri çox yükləyirlər, uşağın oxuduğu sinifdən qabaqda olmağına, növbəti sinfin materiallarını oxumağına çalışırlar. Valideynlər istəyirlər ki, uşaqları hamıdan qabaqda olsun. Sistem yaxşı düşünülüb, amma sonradan nəticələri ona gətirib çıxarıb ki, “hamıdan qabaqda olum” yanaşması əlavə yükləmə yaradır.

 

– Əlavə hazırlıqlar ibtidai siniflərdə də tətbiq olunur, yoxsa yalnız yuxarı siniflərdə?

 

– Sinqapurda təkcə uşaqlar yox, valideynlər üçün də kurslar var: uşaqlarını öyrətməklə bağlı. Hətta valideynlərin valideynləri üçün də nəzərdə tutulanlar mövcuddur: nəvələrini öyrədə bilsinlər. Aşağı siniflərdə ən çox inglis dili və riyaziyyatın tədrisinə diqqət ayrılır. Bu özü də xüsusi yanaşmadır. Təkcə uşaqlara aid deyil. Bütün yaş kateqoriyasındakı şəxslər üçün nəzərdə tutulur ki, uşaqlarına dəstək ola bilsinlər.

 

– Kurikulum qiymətləndirməsi necədir? İbtidai siniflərdə ildə neçə dəfə qiymətləndirmə aparılır?

 

– İbtidai siniflərdə, ümumiyyətlə, imtahan yoxdur. 9-cu sinfə kimi, demək olar, imtahan götürülmür. Amma şagirdləri 9-cu sinfin sonunda ciddi bir imtahan gözləyir. 10-cu sinifdə də eyni şəkildə. 11 – 12-ci siniflərdə böyük bir maşstabda EB imtahanları var. Geniş bir zalda təşkil olunur. Ümumilikdə isə il ərzində cürbəcür testlər olur; müəllimdən müəllimə dəyişə bilər. Məsələn, müəllim deyər ki, filan mövzunu keçmişik, gəlin indi də bununla bağlı tapşırıqlar, testlər həll edək. Belə qiymətləndirmələr çox olur, amma dediyim kimi 9-cu sinfə kimi köklü imtahan təşkil edilmir.

 

– Bəs şagirdin akademik inkşafı necə müşahidə edilir? Valideynlərə bununla bağlı necə hesabat verilir ki, uşağınız oxuyur, ya yox. Ümumiyyətlə, təhsildəki vəziyyəti nə yerdədir?

 

– Ümumilikdə, müəllimlərin şagird haqqındakı fikirlərinə etibar edirik. İl ərzində fərqli formada yoxlamalar olur: təqdimatdan tutmuş adi ABCD testlərinə kimi. Bunların əsasında tədris ili müddətində valideynlərə məlumat veririk ki, uşaqların vəziyyəti necədir. Daha il sonunda demirik ki, nəticə bu olub. Həm öyrənmə bacarığını, həm də bilik səviyyəsini test edib davamlı şəkildə valideynlərə məlumat veririk.

 

– Sizcə, eyni sistem dövlət məktəblərində olsa, nə baş verərdi?

 

– Düşünürəm ki, çox böyük inkişaf olar, eyni zamanda böyük mənfi nəticələrə gətirib çıxarardı. Bu sistemi qurmaq üçün, az qala, əlli il çalışmışıq. İllərlə bu sistemlə razılaşmayan valideynlərlə müzakirələr, təkrar-təkrar izahlar nəticəsində bu pilləyə gəlib çıxa bilmişik. Burada da Sinqapur sisteminin nəticəsini görmək istəyən valideynlər var. Birinci, ən yaxşı, ən qabaqcıl kimdir və s. bilmək istəyirlər. Amma bunu siyahı kimi təqdim etmirik. Bu sistemlə razılaşmayanlar çoxdur. Ona görə də bizdəkindən fərqli sistemdə, mentalitetdə böyümüş uşaqlar üçün sözügedən yanaşma çox çətin olar, mənfi nəticələrə gətirib çıxarardı.

 

Məsələn, mən valideynlərin baxış bucağından yanaşdım. Valideynlər böyük problem olsalar da, yeganə problem deyillər. Bizdəki sistemi Sinqapur məktəblərinə tətbiq etməyə çalışsaq, on beş yaşlı uşaqlar çaşıb qalacaq, nə istədiklərini bilməyəcəklər. Çünki bu vaxta kimi məqsədləri “Bu testi keçim, o test qurtardı, başqa testi keçim” və s. olub. Fokuslandıqları nöqtələr fərqlidir. Müəllimlər bilməyəcəklər, onları nə formada test eləsinlər, hansı formada öyrətsinlər. Heç Təhsil Nazirliyi də bilməyəcək ki, bu uşaqların nəticələrini necə dəyərləndirsin. Ona görə də bu, bir gündə aparılacaq dəyişiklik deyil. Məncə, nə vaxtsa mövcud sistem də bu mərhələyə gəlib çıxacaq.

 

Sinqapur hər şeyi otuz il qabaqcadan planlaşdırır. Otuz il sonra harada olacaq, bilir. Bu şəkildə planlaşdırıb deyə son illərdə xüsusi dəyişikliklər baş verib. Havayı addım atılmır, birdən-birə ortaya çıxmış kimi görünmür. Digər məktəblərdə də tanışlarım var. Görürsən ki, məqsədli, planlaşdırılmış şəkildə yanaşır, nələrdənsə imtina edir, nələrisə dəyişir...

 

Sinqapur yavaş-yavaş dəyişmək istəyir. Məsələn, ölkədəki bizim kimi, yaxud başqa məktəblərə baxır; balaca güllər, fidanlar yetişən kimi: “Bax, orada gül yetişib, sistemi yaxşı işləyir. Gəlin bu gülü başqa yerdə də əkək”, – deyir. Yavaş-yavaş, region-region çoxaldır, sonra da ölkə səviyyəsinə gətirib çıxarırlar. Bu, əslində, çox yaxşıdır. Mark Zukerberqin bir sözü var: “Nəyisə qırmaq istəyirsənsə, sürətli get”. Yəni təhsili birdən-birə dəyişdirə bilməzsən, proses yavaş-yavaş getməlidir. Nə vaxtsa bu səviyyəyə gəlib çıxacaqlar – indi mümkün deyil.

 

– Həm Təhsil Nazirliyinin kurikulum sistemi üzrə məsləhətçi olmuşam, həm dövlət məktəbində işləmişəm. Hədəf konsepti əsasında lisey qurmuşam. Yeddi-səkkiz il əvvəl liseyin qurulma prosesinə başlayanda siz dediyiniz kimi qiymətləndirmə və ev tapşırığına qarşı çıxdıq. Bütün stereotipləri sındırmağa çalışdıq. Beləcə, liseyimiz fəaliyyətə başladı. Bu mövzuda ciddi çətinliklə qarşılaşırıq. Evə tapşırıq və kitab vermirik deyə hamı narahat olur ki, uşaq evə tapşırıq, kitab gətirmir. Valideynlər soruşurlar ki, niyə qiymətləndirmə aparılmır? Düzdür, inandıra bilmişik, amma hələ də zaman-zaman bu problemlə qarşılaşırıq. Məcbur olub ildə iki dəfə imtahan salmalı olduq. Çünki bayaq dediyim kimi valideynlərdən asılıyıq və onlar tərəfindən ciddi təzyiqlərə məruz qalırıq.

 

– Bu problemlə biz də qarşılaşırıq. Valideynlərə başqa məktəblərdən nümunə gətirməklə etiraz edirik. Göstəririk ki, bu yanaşma başqa məktəblərdə işə yarayır. Tədqiqat işlərindən çıxarışlar gətiririk ki, səbəbi anlasınlar. Müəllimlərimiz də arxamızda durur. Beləcə, inamla deyirik ki, bizim məktəbi bəyənmirsinizsə, istədiyiniz formada tədris verən başqa məktəblər var. Siz də bu şəkildə – yavaş-yavaş valideynlərin etimadını qazanmağa çalışmalısınız. Hətta o səviyyədə ki asılı olsanız belə, özünüzü elə apara bilərsiniz ki, istəməyən başqa məktəbə gedə bilər. Necə ki Sinqapur sistemi birdən-birə dəyişmir, siz də eləcə – bir gün içində dəyişməli deyilsiniz. Qeyd etdiyiniz kimi, yerli təhsil sistemindən daha fərqli yanaşma ortaya qoymusunuz. Bunu yavaş-yavaş dəyişə bilərsiniz. Məsələn, bir neçə məktəb varsa, birində dəyişikliyə getmək mümkündür: prosesin gedişini izlmək üçün. Məktəbi tam əhatə etməyə də bilər, müəyyən hissəsi, departmenti, fənni olsun... Beləcə, yavaş-yavaş valideynlərin reaksiyasını öyrənə bilərsiniz.

 

Mən də bir valideyn kimi uşağımı bu sistemdə oxutmuşam. İndi çox yaxşı bir universitetdə təhsil alır. Onun qiymətləri ilə maraqlanmırdım; bilirdim ki, yaxşı olacaq, harasa qəbul olacaq, amma özümə də elə gəlirdi, qızımın qiymətləri zəifdir. Düşünürdüm ki, əslində, daha savadlıdır. Bunu valideyn rakursundan özüm də başa düşürəm, amma direktor kimi də valideynlərə yavaş-yavaş başa salıram.

 

– Tamamilə haqlısınız. Problemin yalnız Sinqapurda olduğunu düşünmürəm. Bizdə Dövlət İmtahan Mərkəzi, qəbul imtahanı prosesi var, sanki insanlar hər şeyi atıb yalnız ona köklənir. O imtahan da çox çətin olduğu üçün valideyndə narahatlıq yaradır ki, birdən uşağım universitetə qəbul olmaz. Hamının uşağının universitetə qəbul olmasını istəməyi bütövlükdə Şərqin problemidir. Azərbaycanın və Şərqin. Qızımla oğlum da öz liseyimizi bitirib və sizinlə eyni düşüncədəyəm: əsas odur, nəticə uğurludur.

 

– Bizdə də buna oxşardır, sonda IB imtahanı verirlər və s. Məsələ belədir ki, imtahanı dəyişə bilməzsən, uşaqlar bu vacib imtahanı verməlidirlər.

 

Siz isə hər il imtahan-imtahan uşağı əsas imtahan üçün hazırlaya bilərsiniz, ya da elə bu sistemdə. Biri işləyir, biri işləmir deyə yox, yəni əminsinizsə ki, təhsil sisteminiz uşaqları, həqiqətən, o imtahana hazırlayır, onda problem olmayacaq. Sisteminizə etibar edirsinizsə, onu yavaş-yavaş başqalarına da ötürə bilərsiniz.

 

– Müəllimin keyfiyyətinin ölçülməsi bizim üçün çox maraqlıdır. Tədris ilinin sonunda bir müəllimin işi nə yerdədir, inkişaf hansı mərhələdədir, necə öyrənmək olar? Ümumiyyətlə, müəllimi necə qiymətləndirmək lazımdır?

 

– İki ildən bir müəllimləri yoxlayırıq. Üstəlik çox informativ yanaşmadır. Çünki onları hansısa testdən keçirmirik, ya da kimsə gedib dərslərdə oturub yoxlamır ki, necə dərs keçirlər və s. Arada belə dərslərə girənlər olur, amma onların məqsədi müəllimin necə dərs keçdiyini yoxlamaq deyil, başqa şeydir. Çox şəffaf sistem qurulub. Müəllimdə, yaxud sinifdə problem varsa, qısa müddət ərzində qulağımıza gəlib çatacaq. Müəllimlərin xüsusi qiymətləndirilməsinin bizə çox xeyri dəyəcək, nəinki daha yüngül sistemin olması. Müəllimlər mühitin toksik olmadığını hiss edəndə dərs keçmək üçün daha yüksək motivasiyaları olur, nəinki belə düşünəndə: “Buna baxın, hər dərsimizə nəzarət edirlər...”

 

– Yəni iki ildən bir hansısa akkretidasiya, bacarıqları yoxlamaq üçün yazılı imtahan olmur?

 

– Yox, hansısa test formasında imtahan təşkil edilmir.

 

– Bu məqamda müəllim arxayınlıqla bu prosesə qatıla bilər?

 

– Çox xoşbəxtik ki, burada müəllim olmaq istəyənlər hədsiz çoxdur. Bir vakansiya üçün iki yüzdən çox müraciət olur. Ona görə arxayınıq; müəllimlər özləri də bilirlər ki, bu işi istəyən nə qədər şəxs var.

 

Əlbəttə, razıyam ki, belə yüngül sistem müəllimlərdə müəyyən qədər arxayınlıq yarada, inkişafdan qalmalarına səbəb ola bilər. Belə olanda bu kimi əməkdaşları işdən azad edərik. Amma ümumlikdə, müəllimlər özləri də başa düşürlər ki, burada işləmək üçün necə intizamlı, çalışqan olmaq lazımdır. Müəllim var ki, direktor vəzifəsinə kimi gedib çıxır. Ümumilikdə isə elə formalaşmayıblar ki, onları yoxlayan sistemin olmadığını görüb işdən yayınsınlar.

 

– Ümumiyyətlə, valideynlər, cəmiyyət bu təhsildən, məktəbdən nə gözləyir? Nə gözləməlidirlər? Çünki adətən, uşaqlar məktəbdə xoşbəxt olmurlar, yaxud bəzən məktəbdə həyatı öyrədə bilmirik. Məktəb bizə nə verməlidir?

 

– Bir valideyn kimi özümün də yanaşmam odur ki, uşaqlar məktəbə gəlməyə həvəslidirlərsə, burada yaxşı vaxt keçirirlərsə, deməli, qalan hər şey həll olunacaq. Məsələn, bəzən şənbə günü də işə gəlirəm və məktəbdə iki yüz-üç yüz nəfər şagirdin əlavə dərs, dərnəklərlə məşğul olduqlarını görürəm. Bir də baxıram ki, bir qrup şagird bağçada oynayır. Yaxınlaşıb soruşuram ki, nə əcəb gəlmisiniz, niyə buradasınız? Cavab verirlər ki, sadəcə burada olmağı sevirlər, məktəbdə olmaq onlara xoşdur. Mənim üçün önəmli olan budur, bu nəticə... Deməli, nə vaxtsa digər şeylər də düzələcək. Təbii ki, təkcə akademik cəhətə fokuslansaq, uşaqlar xoşbəxt olmayacaq, kimsə riyaziyyatı riyaziyyat olduğuna görə sevməyəcək. Bir növ toyuq-yumurta məsələsində olduğu kimidir; bir-birindən ayrılmır. Lazımlı öyrədilməli şeylər orada olacaq, amma maraq yoxdursa, həmin lazımlı şeylər də olmayacaq, təkcə maraq varsa və lazımlı şeylər öyrədilmirsə, bu da düzgün deyil – yəni ikisi paralel olmalıdır.

 

– Beynəlxalq məktəb olaraq Sinqapurun adından beynəlxalq PISA qiymətləndirməsində iştirak edirsinizmi? Finlandiya və Koreya təhsil modelləri tam fərqlidir, amma son iyirmi ildəki qiymətləndirmədə hər ikisi ilk beşlikdə olur. Buna necə baxırsınız?

 

– Həmin qiymətləndirmədə iştirak etsək də, bizim üçün çox maraqlı deyil. Məsələn, valideynlərə heç göstərmirəm, o sistemlə nəticələrimiz necə olub. Hər il göstərilir ki, Sinqapur sistemi hansı yerdədir, dünya sistemi hansı. Bizim sistemimiz ən yuxarıda olur. Bu qiymətləndirmə ona görə yaxşıdır ki, bir növ idarə heyətinin motivasiyası olur.

 

Bizim çox şanslı olduğumuzun da fərqindəyəm: Sinqapur kimi ölkədəyik. Şagirdlər, hətta valideynlər özləri də çox çalışqan olduqları üçün bizim uşaqların da genində çalışqanlıq yatır. Ona görə də bilirəm ki, bu sistemi hər yerdə, hər ölkədə yaratmaq olmaz.

 

Koreya sistemini bəyənmirəm, çünki onların yaratdığı sistem uşaqları intihara aparır, ona görə də nə etsələr də, işə yaramır. Bəlkə də, məqsəd yaxşıdır, amma sistemlərini bəyənmirəm. Finlandiyada isə fərqli millətdən olan uşaqlar çox deyil. Yəni hamının mentaliteti eyni yöndədir. Əslində, son illər göstəriciləri də aşağı düşür. Amma bu onları maraqlandırmır, öyrətməyə çalışdıqları şey başqadır.

 

– Maraqlı söhbət və ayırdığınız vaxt üçün təşəkkür edirik! Üstəlik sizi Azərbaycanda görmək arzusudayıq!

 

Filologiya üzrə fəlsəfə doktoru, Şəmil Sadiq. Sinqapur