Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-14 13:15:00
"Abituriyentlər aşağı nəticədən deyil, valideyn təzyiqindən qorxurlar"

Artıq abituriyentlərin təhsil müəssisələrinə qəbul prosesi başlayıb. Martın 3-ü və 10-u müvafiq bölgələr üzrə buraxılış imtahanları keçirildi.

 

Hər il olduğu kimi bu il də abituriyentlərin əsas qayğılarından biri nəticələrinin aşağı olmağından çox, valideyn qorxusudur.

 

Sosioloq Lalə Mehralı valideynlərin təzyiqləri ilə bağlı AzEdu.az-a danışıb.

 

“Psixoloji sağlamlığı pozulmuş insanın hansısa ixtisasa yiyələnməsinin faydası yoxdur”, -deyə sosioloq bildirib:

 

“Valideyn kimi hər birimiz istəyirik ki, övladlarımız yüksək bal toplayaraq daha prestijli ixtisaslarda təhsil ala bilsinlər. Lakin bunları arzulayarkən onların sağlamlığını və psixologiyasını arxa plana atmış oluruq. Valideynlərin öncəliyi övladının psixoloji və fiziki sağlamlığıdır. Əgər bu sağlamlığı təmin edə bilmiriksə, övladımız xəstə, psixologiyası pozulmuş halda yaxşı bir ixtisasa sahiblənsə belə  onun bir faydası qalmır. Çünki o, sağlamlığından nələrisə qurban verərək bunları əldə edib. İnsanın ən böyük sərvəti sağlamlıqdır. Buna görə də valideynlər təzyiq göstərərkən birinici fikirləşməlidirlər ki, övladım sabah psixoloji gərginlik keçirərsə, sağlamlığı ilə bağlı ciddi problemlərlə qarşılaşarsa, onun hansı fakültədə oxuduğunun bir əhəmiyyəti olmayacaq. Bunu fikirləşəndən sonra proses elə olacaq ki, bütün valideynlər özləri doğru yolu tapacaqlar.

 

Çox təəssüf ki, zəmanəmizdə uşaqların dərslə əlaqədar çox problemləri var. Bunlardan biri də diqqət dağınıqlığı, dərslə maraqlanmamaq, dərsdən imtinadır. Bu ərəfədə müəyyən qədər valideyn basqısının olması normaldır. Uşaqların öz məsuliyyətini dərk etmələri üçün bəzən bu kimi nüanslar vacibdir, amma bu təzyiq ifrat həddə olmamalıdır. Sadəcə uşaq bilməlidir ki, valideynin nəzarəti onun üzərindədir”.