Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-14 11:25:07
Lənkərandan Amerikaya... “Ali təhsilimi xaricdə davam etdirəcəm”

Lənkəran şəhər 4 saylı məktəbin 11c sinfinin şagirdi Xumar Seymur qızı Hüseynova FLEX proqramının qalibi olub.

 

Belə ki, o, Amerikada yaşayan ailə tərəfindən qəyyumluğa götürüləcək və 1 il müddətində təhsilini orada davam etdirəcək.

 

AzEdu.az-a danışan FLEX-in qalibi Xumar Hüseynova bildirib ki, proqramın qalibi olacağını hiss edirdi:

 

“Bir müddət İngilis dili öyrənmək üçün repetitor yanına getdim. Sonra öz üzərimdə məşğul olmağa başladım. İngilis dilində filmlərə baxıb, kitab oxuyaraq daha da biliyimi artırdım. FLEX proqramında qrammatikaya çox da önəm verilmir. Mən sadəcə ingilis dilindən söz bazamı artırmaq üçün evdə məşğul olurdum”.

 

Həmsöhbətimiz qeyd edib ki, ali təhsilini xaricdə turizm ixtisası üzrə davam etdirmək istəyir:

 

“9-cu sinifdən isə könüllü proqramlara, təşkilatlara qoşuldum. Bu proqrama 10-cu sinifdən hazırlaşmağa başladım. Könüllü proqramlara qoşulmağım FLEX proqramında qalib olmağıma böyük qatqısı oldu. Esseləri yazarkən daha çox təlimlərdən, könüllü fəaliyyətlər, təşkilatlardan, orada tanıdığım insanlardan yazdım. Bu proqrama hazırlaşmaqda məqsədim 16 yaşımda tam təqaüdlə 12-ci sinfi oxumaqdır. Amerikanın təhsilini, mədəniyyətini öz gözlərimlə görmək başqa bir hisdir”.

 

X.Hüseynova bildirib ki, valideynləri həmişə ona dəstək olub:

 

“Bu xəbəri eşidəndə valideynlərim inanmırdı. Xaricdə təhsil almağım mənim və valideynimin ən böyük arzusu idi. Hətta qəbul olduğum xəbərini eşidəndə anam sevincdən ağladı".