Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 15:25:08
Təhsildən yazan jurnalistlər daha çox bu səhvləri edir...

5-6 mart tarixində təhsil jurnalistləri üçün təşkil olunmuş təlimdə bir sıra məsələlər müzakirə edildi. Onlardan biri də təhsil jurnalistlərinin sosial media ilə düzgün işləməsi üçün atılan addımlar oldu.

 

Ümumiyyətlə, təhsil jurnalistləri sosial media ilə işləyən zaman nələrə diqqət etməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən jurnalist Sevinc Qarayeva qeyd edib ki, jurnalistika hadisələri insanların müzakirəsinə çıxarmaq, ictimai rəy formalaşdırmaq gücünə malikdir:

 

“Buna görə də jurnalist cəmiyyət qarşısındakı məsuliyyətini dərk etməlidir. Bu məsuliyyəti unudub, arxa plana keçirib, sensasiya xətrinə insanların informasiya tələbatını yalan, mənbəyi məlum olmayan məlumatlarla ödəmək bir jurnalistin peşə vəzifəsini düzgün yerinə yetirməməsi deməkdir.

 

Jurnalistlər sosial mediada paylaşdığı məzmun jurnalist etikasına və peşəkar standartlara uyğun olmalı, qərəzsizlik və obyektivlik prinsiplərinə diqqət yetirilməli, etibarlı xəbər mənbələrindən məlumat almalıdırlar.

 

Jurnalist yaydığı hər bir xəbərə, məlumata görə məsuliyyət daşıyır. Ona görə də jurnalist yaydığı informasiyanın əhəmiyyətini dərk etməlidir. Bəzən bu unudulanda, jurnalist özü də bilmədən cəmiyyətə doğru olmayan, insanları çaşdıran informasiya ötürmüş olur”.

 

Həmsöhbətimiz təhsildən yazan jurnalistin əldə etdiyi məlumatı müvafiq rəsmi orqanlardan dəqiqləşdirmədən yaymasının doğru bir davranış olmadığını bildirib:

 

“Peşəsinə hörmət edən, təmsil etdiyi orqanın nüfuzunu yüksək tutan jurnalist məsuliyyətinin kökündə dayanan doğru, düzgün, faktlara əsaslanan məlumatların ictimaiyyətə çatdırılmasıdır. Xüsusən də təhsildən yazan jurnalistin əlində olan doğru faktlara bəzək-düzək vermədən ictimaiyyətə çatdırılması daha məqsədə uyğundur.

 

Təhsildən yazan jurnalistin əldə etdiyi məlumatı müvafiq rəsmi orqanlardan dəqiqləşdirmədən yayması doğru olmayan bir davranışdır. Çünki rəsmi qurumlar tərəfindən təsdiq olunmayan məlumatların yayılması insanlar arasında ajotaja, gərginliyə səbəbə olur. Təbii ki, bu da heç də xoş olmayan bir məqamdır”.