Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-11 10:07:45
Rus bölmələrində problem: Müəllim çatışmazlığı, zəif nəticələr...

Müşahidələr onu göstərir ki, orta və ali məktəblərdə rus dili müəllimi çatışmazlığı mövcuddur. Bu problemi ötən gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev də gündəmə gətirmişdi.

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsindən sonra hər il rus bölməsi üzrə elan olunan vakansiyalar boş qalır:

 

 Açıklama yok.

“Hazırda 340 orta məktəbdə təxminən 90 min şagird rus bölməsidə təhsil alır. Ölkəmizdə rus bölməsi üzrə müəllim çatışmazlığı olduğu məlum məsələdir. Ona görə də bu sahə üzrə ballar da yüksək olmur. MİQ-də rus bölmələri üçün keçid balı 30-dur.

 

100 bal şkalası ilə baxdıqda, 30 bal müəllim üçün aşağı nəticədir. Digər tərəfdən boş yerlər qalmasın deyə başqa bir alternativ də qalmır. Həmçinin, zəif nəticə ilə işə qəbul olunan müəllimlər təhsilalanların bilik səviyyəsini də aşağı salır. Buraxılış və qəbul imtahanlarının nəticələrində bunu aydın şəkildə görə bilirik”.

 

Ekspert qeyd edib ki, rus dili fənnindən müəllim çatışmazlığı yaşandığı üçün Azərbaycan dili bölməsində tədris aparan təhsilverənlər bu işi icra etmiş olurlar:

 

“Bu problem ali məktəblərdə də var. Rusdilli müəllimlərin olmaması səbəbindən Azərbaycan dili bölməsində tədris aparan müəllimlər bu işi icra etmiş olurlar. Bu da təhsil strategiyası ilə uyğunlaşmır.

 

Kadr çatışmazlığına səbəb olan amillərdən biri ali təhsil müəssisələrində bu istiqamətlərdə plan yerlərinin ildən ilə az ayrılmasıdır. Bundan başqa, rus bölməsini bitirən abituriyentlər pedaqoji ixtisaslara çox da maraq göstərmirlər. 

 

Hətta rusdilli pedaqoqların bir qismi müxtəlif səbəblərdən dolayı işləmək istəmirlər. Burada dərs saatlarının azlığı, maliyyə və digər amillər var. Rus bölməsində ən çox müəllim çatışmazlığı riyaziyyat, fizika və digər dəqiq elmlərdədir”.