Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 15:09:00
Məşhur türkiyəli professorlar bu dəfə təlimi BDU-da keçdilər - FOTOLAR

Ötən gün Bakı Dövlət Universitetində (BDU) “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində jurnalistika fakültəsinin tələbələri və jurnalistlər üçün təlimlər keçirilib.

 

Təlim Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.


Tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Zivəroğlu, fakültənin Azərbaycan, İngilis, Rus dili bölmələrinin tələbələri və müəllim heyəti, təhsil jurnalistləri iştirak ediblər.


Vüqar Zifəroğlu türkiyəli professorlara qeyd edilən mövzuda təlimlərin zəruriliyini vurğulayıb. O, bundan sonra da belə təlimlərə ehtiyac olduğunu diqqətə çatdırıb.

 

Təlimçilər isə Türkiyənin məşhur təhsil adamları, Anadolu Universitetinin professoru, SODİMER rəhbəri, Levent Eraslan və Niğde Ömer Halisdemir Üniversitetinin professoru Emre Ünal, Azərbaycan Psixologiya Akademiyasının (APAK) rəhbəri Səbinə Cəbrayılova olublar.


İki gün davam edən təlimə AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova moderatorluq edib.


O, qeyd edib ki, təlimin əsas məqsədi jurnalistika üzrə təhsil alan tələbələrin media savadlılıqlarını artırmaqdır.


Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı jurnalistlərin yeni mediaya uyğunlaşmasında müəyyən problemlərin olduğunu qeyd edib. Söyləyib ki, onların psixoloji cəhətdən proseslərə hazır olmaması fəaliyyətlərinə mənfi təsir edir.


SODİMER rəhbəri, professor Levent Eraslan tələbələr üçün “Yeni media və Təhsil jurnalistləri” mövzusunda müzakirələr keçirib.


Professor sosial media alətləri inkişaf etdikdən sonra onun ənənəvi mediaya böyük rəqib olduğuna diqqət çəkib:

 

“Hazırda vətəndaş jurnalistikası inkişaf etməkdədir. İnternetə çıxışımız olduğu bu zamanda hər birimiz jurnalist rolunu oynayırıq. Şahidi olduğumuz hadisə barədə bütün təfərrüatları sosial şəbəkələrdə paylaşa bilirik. Artıq dövr bizi məcbur edir ki, yeni platformalarla işləməyi bacaraq. Sosial medianın üstünlüklərindən biri də hər kəs tərəfindən əlçatan olmasıdır. Bu vasitələr məlumatların daha tez, operativ şəkildə kütləyə çatdırılmasına xidmət edir. Artıq Türkiyədə jurnalistlər xəbərləri “Youtube” platforması üzərində paylaşırlar. Burada əsas məqam sosial media ilə düzgün və diqqətli işləməkdir. Biz nəzərə almalıyıq ki, paylaşdığımız məlumatlar sürətlə yayılacaq və geniş kütlələrə təsir edəcək. Yaydığımız informasiyanın doğruluğunu isbat edə bilməliyik”.

 
Niğde Ömer Halisdemir Üniversitetinin professoru Emre Ünalın sözlərinə görə, jurnalistlər kiberhücmlardan qorunmaq üçün tanıyıb güvənmədiyi şəxslərin suallarını cavablandırmaqdan yayınmalıdırlar:

 

“Qeyd etdiyimiz kimi, hər kəsin sosial şəbəkələrə çıxışı var. Bu platformalar fəaliyyətimizdə bizi bir çox nüansla təmin etsə də, xoşagəlməz hadisələrin yaşanmasına da səbəb ola bilər. Məsələ burasındadır ki, əgər biz işimizi sosial mediaya daşıyırıqsa, buranı maksimum dərəcədə güvənli etməli, şifrələrimizin əlçatımlılığını minimum səviyyəyə endirməliyik”.


Təlimin növbəti mərhələsində Azərbaycan Psixologiya Akademiyasının (APAK) rəhbəri, psixoloq Səbinə Cəbrayılova jurnalistlərin psixoloji hazırlığı ilə bağlı mühim məqamlara toxunub:

 

“Jurnalistlərin müəyyən psixoloji keyfiyyətləri olmalıdır. Biz bir çox hallarda media nümayəndələrinin müsahibələrə hazırlıqsız getdiyini müşahidə edirik. Mütləqdir ki, onlar müsahibə alacaqları şəxs barədə ətraflı məlumat toplasınlar. Onların vəzifəsi, öncədən harada işlədikləri, təhsili, nə ilə məşğul olduqları, hobbiləri və s. barədə məlumatlı olmaq müsahibə zamanı jurnalistlərə böyük dəstək olur”.


Psixoloq qeyd edib ki, bəzən jurnalistlərin emosiyalarını müsahibə prosesinə yansıtdıqlarına şahid oluruq:

 

“Jurnalist realist olmalı, emosiyalarını idarə etməyi bacarmalıdır. Məsələn müsahibimiz başına gələn bədbəxt hadisə barədə danışıb, duyğusallaşırsa, ona arxa-arxaya digər sualları vermək olmaz. Ona empatiya ilə yanaşmaq lazımdır. Lakin burada digər mühüm məqamlardan biri jurnalistin həmin duyğusal vəziyyətə qapılıb, öz emosiyalarını büruzə verməsidir. Bu artıq qeyri-peşəkarlıqdır”,- deyə qeyd edib.


Müzakirə şəklində davam edən təlimin sonunda psixoloq S.Cəbrayılova tərəfindən tələbələrin sualları cavablandırılıb.