Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 14:54:17
DİM-də Dövlət qulluğunun təbliği ilə bağlı tələbələrlə görüş keçirilib

5-6 mart 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzi, Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə Ağcabədi şəhərində yuxarı kurs tələbələri ilə dövlət qulluğunun təbliği və təşviqi məqsədilə maarifləndirici görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə ümumilikdə 100-dən çox tələbə və gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı nümayəndələri iştirak ediblər.

 

Tədbirin başlanğıcında ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Mərkəzin Bərdə Regional Bölməsinin müdiri Eltun Süleymanov tədbir iştirakçılarına DİM-in fəaliyyət istiqamətləri, keçirilən imtahanlar və dövlət qulluğu sahəsində nəşrlər barədə məlumat verib.

 

Daha sonra Mərkəzin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov “Dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydası” mövzusunda təqdimatla çıxış edib.

 

Təqdimat zamanı dövlət qulluğuna qəbul, dövlət qulluğunda vəzifələr, dövlət qulluğunda test imtahanı və müsahibələr, dövlət qulluğu ilə bağlı statistik göstəricilər barədə görüş iştirakçılarına məlumat verilib.

 

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, müvafiq mövzu ətrafında müzakirə aparılıb və tədbir iştirakçılarına dövlət qulluğu sahəsində maarifləndirici nəşrlər paylanılıb.