Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-04 15:14:14
Qəzalı vəziyyətin yarandığı məktəbin şagirdləri köçürülüb  

7 dekabr 2023-cü il tarixində baş vermiş zəlzələ nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 301 nömrəli tam orta məktəbin 1939-cu ildə inşa edilmiş birmərtəbəli korpusunda qəzalı vəziyyət yaranıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən binaya baxış keçirilib və mühəndis-müayinə işləri aparılaraq müvafiq rəy təqdim edilib.

 

Rəyə əsasən məktəb binasının yükdaşıyan divarlarında geniş ölçülü çatların yarandığı, divarların birləşmə yerlərində aralanmaların əmələ gəldiyi, qapı və pəncərə üstü hissələrin yerini dəyişdiyi müəyyən edilib. Bu səbəbdən məktəblilərin (ibtidai siniflər) və pedaqoji heyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin korpusda təhsil alan şagirdlərin yaxınlıqdakı 300 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirməsi təmin olunub.

 

Hazırda məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülür.

 

Qeyd edək ki, 301 nömrəli tam orta məktəbin 2006-cı ildə inşa olunmuş digər üçmərtəbəli korpusunda tədris normal qaydada davam etdirilir.