Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-25 13:29:00
“Təhsilə saqqal yox, açıq-saçıq geyimlər mane olar” –  Universitetin saqqal qadağasına cavab

Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib.

Saqqal saxlayan tələbələrin auditoriyaya buraxılmaması və onlara qaib yazılması göstərişi verildiyi bildirilir.

Sözügedən qadağa ilə bağlı SDU-nun Mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli qeyd edib ki, tələbələrə saqqal qadağası üçün rəsmi şəkildə heç bir göstəriş, heç bir tapşırıq verilməyib:

“Uzun saqqal saxlayan tələbəni universitetə kim buraxar? Yəni o, normal bir şey deyil, axı tələbə səliqəli olmalıdır. Amma maarifləndirici tədbirlər keçirilir və tövsiyə xarakterli məlumatlar verilə bilər. Təbii ki, saqqal saxlamaq təhsilə heç bir problem yaratmır. Amma indiki dövr bir az qarışıqdır. O qədər dini baxışlar var ki, adam bilmir ki, tələbə bu saqqalı hansı məqsədlə saxlayır?!”.

Dini baxışlara demişkən, ümumiyyətlə, bir sıra məlum meyllərin təbii ki, qarşısı hər zaman və hər yerdə alınmalıdır. Amma ümumilikdə, bu axınlara aid olmayan gənclərə bu cür qadağaların qoyulması nə dərəcədə düzgündür? Saqqal saxlamaq təhsilə mane ola bilərmi?

“Gəncləri təhsildən yayındırmaq olmaz”

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov AzEdu.az-a danışarkən qeyd edib ki, saqqal saxlamaq cəmiyyətimizdə bir qədər problemli məsələdir:

“Bəzi müsəlmanlar rahat ibadət etmək istəyirlər. Görürsünüz, bəzən hicab taxan qızlar da məktəblərə, ali təhsil müəssisələrinə buraxılmır. Cəmiyyətin bütün üzvləri eyni  inanca sahib deyil. Düzdür, Azərbaycan cəmiyyəti tək Allaha inanır, digər işləri yerinə yetirmirlər. Ancaq ibadəti yerinə yetirən insanlara qarşı aqressiv olur, maneçilik törədirlər. O ki qaldı ali məktəblərdə saqqal saxlamağın qadağan edilməsinə, hər ölkənin, xalqın geyim mədəniyyəti, geyim forması var. Bu baxımdan, tələbələr səliqəli geyinməlidirlər.

Təbii ki, saqqal elm öyrənməyə heç bir əngəl yaratmır. Lakin əxlaq normalarına cavab verməyən, açıq-saçıq geyimlər təhsilə birbaşa təsir edə bilər, tələbələrin fikirlərini yayındırar. Saqqalın varlığı isə problem olmamalıdır. Bu gün  tələbələr arasında – istər inanclı, istər inancsız – yeni dəb düşüb.  Hamısı saqqal saxlayır. Hətta bəzi ateistlərin də uzun saqqalları var. Bu, dəb kimi formalaşıb. Cəmiyyətin geyim forması getdikcə dəyişir. Üzdə saqqalın olmasının və ya olmamasının səliqəli geyimə aidiyyatı yoxdur. Buna görə, gəncləri təhsildən yayındırmaq olmaz”.

“İslam dinində saqqalın hökmü vacibdir”

Müsahibimizin sözlərinə görə, insanların geyimlərinə, digər bu kimi məsələlər qarışmaq düzgün deyil:

“Hər bir insanın geyimindən, saqqallı ya da hicablı olmasından asılı olmayaraq, təhsil almaq hüququ var. Ali məktəblər bu cür qadağalar qoya bilməz. Hər halda bu, dövlət səviyyəsində aparılan işdir. Çünki dövlət qurumlarında da saqqal saxlayan işçilərə rast gəlmək olmur. Müasir dövrdə cəmiyyətimiz üçün standart geyim formaları nəzərdə tutulub və buna əməl edilməsi istənilir. Buna görə də, tələbələrə basqılar olur.  Digər tərəfdən valideynlər də övladlarını saqqala görə qınayır, icazə vermir və.s.  Yəni  fərqli baxışlar mövcuddur.

Müasir dövrdə bir çox dini qruplar  var ki,  üzvləri saqqal saxlayır. Onların hansı fikrə sahib olduqlarını bilmək qeyri-mümkündür. Sosial şəbəkələrdə, həyatda qrup formalaşdırır, tərəfdarlar toplayır və insanlara hakimiyyətə, dövlətə qarşı radikal fikirlər aşılayırlar. Bunun qarşısının alınması üçün standart ölçülər qoyulur və buna hamı riayət etməlidir. Geyimdən tutmuş, digər məsələlərə kimi... İslam dinində saqqalın hökmü vacibdir, bununla bağlı hədislər də var. Allah rəsulu tövsiyə edirdi: “Bizim digər dinlərlə fərqimiz odur ki, saqqalımız uzun olmalıdır və  bığ qısaldılmalıdır”. Amma bizdə belə dəb olmayıb, bu, ərəblərə xas olan bir şeydir”.

Qeyd edək ki, bir neçə gün bundan öncə Azərbaycan Odlar Yurdu Universitetində (OYU) tələbələrə hündürdaban ayaqqabı geyinmək qadağan edilib. OYU bu qadağanı hündürdaban ayaqqabıların döşəmə üzərində dərs prosesinin pozulmasına səbəb olacaq səs-küylərin yaratması ilə əlaqələndirib.