Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-26 13:16:00
Buraxılış imtahanları: İştirak edə bilməyənlərin aqibəti necə olacaq?

Son zamanlar qızılcaya yoluxma halları durmadan artır. Yoluxanlar arasında şagirdlər və tələbələr də yer alır.

 

Maraqlıdır, qızılca səbəbi ilə qarşıda gələn buraxılış imtahanlarında iştirak edə bilməyəcək abituriyentlər üçün nə cür şərait yaradılacaq?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadənin sözlərinə görə bir qayda olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu və infeksion xəstəliyi olanlar imtahan binasına buraxılmırlar:

 

“Konkret buraxılış imtahanlarına gəldikdə isə onlar zonalar üzrə müxtəlif günlərdə təşkil olunur. Bundan əlavə, başqa bir tarixdə əvvəlki illərin məzunları da eyni məzmunlu imtahan verirlər. Həmçinin Mərkəz tərəfindən yekun attestasiya ilə bağlı sentyabrda əlavə bir imtahan da keçirilir.

 

Göründüyü kimi, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün DİM tərəfindən kifayət qədər imkanlar yaradılır. Üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər təsdiqedici sənədlərlə birlikdə imtahandan dərhal sonra 1-2 gün ərzində mütləq DİM-ə müraciət etməlidirlər”.

 

Qeyd edək ki, cari ilin buraxılış imtahanlarında (9 və 11-ci sinif) üzrlü səbəbdən iştirak edə bilməyən, eləcə də Azərbaycan  dili imtahanı vermək istəyən şagirdlər 1 sentyabr 2024-cü ildə keçiriləcək əlavə imtahanda iştirak edə bilərlər.