Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-26 08:57:00
“Tarixdə bu gün” - 26 fevral nə ilə yadda qalıb?

Tarixin elə günləri var ki, həmin gün yada düşəndə ağıla bir  hadisədən başqa heç nə gəlmir. Məhz 26 fevral da bu günlərdən biridir. Bu tarixi gün internetdə axtarışa verdikdə ilk qarşılaşdığımız “Xocalı soyqırımı” olur…

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasında bu günü Xocalı faciəsinə və cəsur şəhidlərə həsr edir. 

 

26 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib:

 

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 

 

Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olub.

 

 

26 fevral 1992-ci ildə “İgidliyə görə” medalı ilə təltof olunmuş Şöhrət Həsənov şəhid olub:

 

Şöhrət Həsənov uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Faciə zamanı ayon icra hakimiyyəti başçısının birinci müavini idi.

 

O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə son nəfəsinə və son gülləsinədək vuruşdu. Avtomat silahının darağında olan 30 güllənin hamısı artıq qurtarmışdı. O, insanların sağ-salamat çayı keçməsinə kömək edib, sonra isə erməni snayperinə tuş gəlib, iki ayağından vuruldu. Təəssüf ki, Şöhrət Həsənovu  işgəncə verərək öldürüblər. Əvvəlcə sağ qolunu və sağ qıçını kəsiblər, sonra sağ gözünü çıxarıblar və bu cür işgəncələri davam etdirərək onu qətlə yetiriblər…

 

 

26 fevral 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimov şəhid olub:

 

1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulub. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirib. 1978-ci ildə hərbi xidmətə çağırılıb. 1980-ci ildə ordudan tərxis edilir və doğma yurdu Xocalıya qayıdır. Burada tərəvəzçilik sovxozunda işləməyə başlayır.

 

1988-ci illərdən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazıldı. Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə girdi. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşdu. Vətənin cəsur oğlu onlarla dinc sakini xilas etdi. Erməni vəhşiləri onun izinə düşdülər Əsgəran rayonunda qardaşı Fəxrəddinlə Arazı vəhşicəsinə min bir əzabla qətlə yetirdilər.

 

Xocalı faciəsi zamanı Araz Səlimovun ailəsindən üç nəfər həlak oldu: Özü, qardaşı və atası.

 

 

26 fevral 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayev şəhid olub:

 

1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. O, burada Əhmədavar kənd orta məktəbini bitirib. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq vətənə döndü. 

 

Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi. Ermənilər Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canpolad tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak oldu.

 

26 fevral 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov şəhid olub:

 

Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci il Tərtər rayonunda anadan olub. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyüyüb. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır.

 

Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verildi. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.

 

26 fevral 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov sonuncu qumbarasını sinəsinə sıxaraq özünü və erməniləri partlatdı:

 

19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulub. O, 1961–1971-ci illərdə burada məktəbdə oxuyub. 1974-cü ildə sovet ordu sıralarına çağırılmış, 1976-cı ildə ordudan tərxis olunub.

 

Onu Xocalıda "Mixaylo" adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir. Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası "Alazan" qurğusu partladılmış, ferma darmadağın edilmişdi. Tofiq burada on erməni yaraqlısını əsir götürmüşdü. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verildi. Mixaylonun sonuncu döyüşü Xocalıda 26 fevral oldu, o, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilmişdi. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməniləri məhv etdi son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni də partlatdı. O, həmin gecə doğma yurdunda gözlərini əbədi yumdu…