Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 15:55:49
Nazir müşaviri: Türkiyə-Azərbaycan Universitetinə qəbul DİM tərəfindən aparılacaq

Türkiyə-Azərbaycan Universitetində tədris prosesi iki ölkənin müəllimlərinin birgə iştirakı ilə nəzərdə tutulur.

 

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli söyləyib. O bildirib ki, universitetdə ilkin dövr üçün bakalavriat səviyyəsində tədris nəzərdə tutulur.

 

“Digər təhsil səviyyələrində tədris barədə ictimaiyyətə məlumat veriləcək. Burada müxtəlif universitetlərin birgə tədris modeli qurulacaq.

 

Bu universitet həm də regionun əsas tədris mərkəzlərindən birinə çevrilməlidir. Məqsədimiz keyfiyyətli universitet modeli ortaya qoymaqla gənclərimizi keyfiyyətli təhsillə təmin etməkdir. Türkiyədə oxumaq istəyən tələbələrimizin böyük hissəsinin bu universitetdə təhsil alacağına ümid edirik.

 

Azərbaycan vətəndaşlarının universitetə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Hazırlıq proseslərinin müəyyən hissəsinin sentyabradək bitməsi planlaşdırılır”, - deyə nazir müşaviri qeyd edib.

 

Xatırladaq ki, fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Bu sənədlərdən biri də “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” olub. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.