Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 10:15:00
Hər il dоktоrantların sayı azalır - Səbəb nədir?

Doktorantura pilləsinə qəbul olanların sayını araşdırdıqda görürük ki, bu rəqəm hər il azlamağa doğru gedir.

 

Bəs, qəbul olan doktorantlar işlərini müdafiə edə bilirlərmi?

 

Mövzu ilə bağlı Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov AzEdu.az-a danışıb.

 

“Statistika göstərir ki, bəzi illərdə məzun olanlar qəbul olanların 8-9%-ni təşkil edir”,-deyə professor bildirib:

 

“Azərbaycanda elmi kadrların güclənməsi naminə hər il dövlət hesabına doktorantların təhsil alması üçün vəsait ayrılır. Ancaq doktorantların neçə faizinin elmi işini müdafiə etməsi və yaxud edə bilməməsi ilə bağlı hesabat aparılmır. Sual olunur ki, dövlətin ödədiyi bu qədər vəsait qarşısında nəticəyönümlü məhsul ala bildikmi?

 

Bizim doktorant yetişdirməkdə əsas məqsədimiz ondan ibarətdir ki, ayırılan vəsait qarşısında yüksək pedaqoji elmi kadrların hazırlanmasını həyata keçirək. Təəssüf ki, bəzi hallarda görürük ki, qəbul olanlarla məzun olanlar arasında böyük fərq var. Bu məsələ bizi ciddi-ciddi düşündürməlidir. Ona görə də bununla bağlı vəsait ayıran qurum sifarişi təmin edən təşkilatdan tələb etməlidir ki, ödənmiş vəsait qarşılığında hansı məsələləri həll etmisiniz, hansı işləri görmüsünüz? Bu məsələnin aradan qaldırılması üçün vəsait verən qurum daim tədqiqat və  monitorinq aparmalıdır”.

 

Professor qeyd edib ki, hər il doktoranturada say azalır:

“Doktorantura fədakarlıq tələb edir. Ancaq görünür ki, indi insanları daha çox maddiyat maraqlandırır. Məzun olanlar tez bir zamanda yüksək gəlirli iş istəyirlər. Magistrantları doktoranturaya yönəltmək üçün onlara maddi şərait, yaxşı güzəran və doktorantın nüfuzunu göstərmək lazımdır.

 

ABŞ-də müəyyən universitetlər var ki, doktorantların sayı bakalavrlardan çoxdur:  Əgər universitet tədqiqatyönümlüdürsə, oradakı doktorantların sayı da çox olacaq. ABŞ-dəki kolleclər universitetlərdən fərqli olaraq daha çox bakalavr qəbuluna yer ayırırlar”.