Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-24 12:37:00
Nizami Cəfərov dərslikdəki problemdən danışdı – “Bu məsələdə həddi aşmaq olmaz”

“Ədəbiyyat dərsliklərinin  üz qabığına rəssamların bədii əsərlərdən işlədiyi ayrıca epizodları vermək olmaz. Çünki, bu, şagirdi hər şeydən  təcrid edib, yalnız bir istiqamətə yönəldəcək. Eyni zamanda, yalnız bir yazıçını, onun bir əsərini təbliğ edəcək”.

Bu sözləri sözləri AzEdu.az-a açıqlamasında millət vəkili, ədəbi tənqidçi, akademik Nizami Cəfərov deyib. O, Ədəbiyyat dərsliklərinin üz qabığından danışarkən qeyd edib ki, bir zamanlar ənənəyə əsasən, bu fənn dərsliklərinin üz qabığında heç bir foto olmur, sadəcə “Ədəbiyyat” sözü yazılırdı.

Amma son vaxtlar nəinki bizdə, hətta digər ölkələrin dərsliklərində də klassiklərin şəkillərinə üstünlük verilir:

“Klassiklərin şəklini vermək olar, amma həddindən artıq olmamaq şərti ilə!”

“Məncə, bu, çox yaxşıdır. Hər halda şagirdlərin dəfələrlə bu yazıçıları görmələri onlarda obraz formalaşdırır. Üz qabığı üçün başqa ideya və variantları da düşünmək olar.

Azərbaycan ədəbiyyatı dərsliyində klassik dövrdən bəhs olunursa, üz qabığında Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqifin, sonrakı dövrdə Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə, müasir ədəbiyyatda isə müasir klassiklərin şəkillərini vermək olar. Amma həddindən artıq olmamaq və dövrləşməyə riayət olunmaq şərti ilə. Əks halda, üz qabığı yaxşı görünmür”.

“Üz qabığına ən böyük şəxsiyyətlərin çıxarılmasına diqqət etmək lazımdır”

“Orada şəkillər elə düzülməlidir ki, onlar xronologiya, tarixi prosesləri əks etdirsinlər. Üz qabığında xronologiya pozulmamalıdır. Məncə, aşağı sinif dərsliklərində yazıçılar daha çox təmsil olunur. Onlarda xronologiyanı gözləmək və üz qabığına ən böyük şəxsiyyətlərin çıxarılmasına diqqət etmək lazımdır. Qeyd edim ki, 5, 6, 7-dən çox rəsm də özünü doğrultmur və yorucu görünür”.

Ədəbiyyat dərsliklərində nələrdən qaçmaq lazım olmasına gəlincə isə Nizami müəllim bildirib ki, daha çox nələrə riayət olmasının vacibliyini axtarmaq lazımdır:

“Bu, həm də bir az rəssamlıq məsələsidir. Məsələn, Ədəbiyyat dərsliklərinin üz qabığında bu sahəni ifadə edə biləcək simvollara fikir vermək olar. O dövrün lələk qələmi, burulan kağızı və s. bu tip simvollardan başlamış, ta bədii təfəkkürümüzü ifadə edə biləcək ən müxtəlif simvollara qədər...”

“Ədəbiyyatın üz qabığına rəssamların bədii əsərlərdən işlədiyi ayrıca epizodları vermək olmaz.

“Çünki, bu, şagirdi təcrid edərək bir istiqamətə yönəldəcək. Eyni zamanda, yalnız bir yazıçını, onun bir əsərini təbliğ edəcək. Gərək, üz qabığı elə olsun ki, keçirilən dövrlərin ümumi ədəbiyyatı, mənzərəsi görünsün, ədəbiyyatı yaradanlar isə daha çox əks olunsun”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları