Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 11:02:00
Problem: Əvvəlki imtahanlarda keyfiyyət amili daha yüksək idi

Bakalavrlar arasında apardığımız sorğuya əsasən deyə bilərik ki, həm yüksək bal, həm də aşağı bal toplayan bakalavrlar informatika fənninin çətinliyindən bəhs edirlər.  Bununla yanaşı bakalavrlar imtahana hazırlaşmaq üçün ya müəyyən kurslara getməli, ya da dərs videolarına baxmaq məcburiyyətindədirlər.

 

Bu problemi aradan qaldırmaq üçün bakalavr səviyyəsində təhsil alan tələbələrə magistraturaya qəbul fənləri tədris oluna bilərmi?

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az Təhsil Portalına danışıb.

 

Ekspert bildirib ki, əvvəlki qayda ilə qəbul olanlarla, indikilər arasında çox fərq var:

 

“2005-ci ildən etibarən ali təhsil müəssisələrinin magistratura pilləsinə test üsulu ilə qəbul həyata keçirilir. Bu addımın atılmağı zəruri idi, çünki həmin ilə qədər magistraturaya qəbul ali təhsil müəssisələrinin öz nəzdində keçirilirdi. Buna görə də müəyyən qədər şəffaflıq pozulurdu. Düzdür, orada da müəyyən tələblər var məsələn, Ümumi Orta Müvəfəqiyyət Göstəricisi (ÜOMG) 4-dən aşağı olanlar (5 ballıq sistemdə) magistraturaya gedə bilməzdi. Buna görə də ÜOMG balı yüksək olanlar magistraturaya qəbul olunurdu. İndi isə ortalama fərqi olmadan hər kəs magistratura imtahanında iştirak edə bilir. Düzdür, bu əlçatanlıq üçün yaxşıdır, amma aparılan tədqiqatlar göstərir ki, əvvəlki imtahanlarda keyfiyyət amili daha yüksək idi.

2019-cu ilə qədər magistratura pilləsi üzrə keçirilən qəbul imtahanlarında bakalavrlar ixtisas fənnindən olan sualları da cavablandırırdılar. Bu isə özlüyündə gələcəyin ixtisas mütəxəssislərinə öz ixtisasları barədə məlumatlı olmağı öyrədirdi. Təsəvvür edin, insan 4 il ərzində hər hansısa bir ixtisası oxuyur, magistr pilləsi üzrə də həmin ixtisası davam etdircək, lakin onu ixtisası üzrə yox, gələcək elmi tədqiqat işində, karyerasında heç bir əhəmiyyəti olmayacaq məntiq fənnindən imtahan edirik. Mənim fikrimcə bu yalnışdır.

 

Təbii ki, müasir dövrdə hər bir tədqiqatçı, elm adamı informasiya texnologiyalarına (İKT) bələd olmalıdır. Buna görə də imtahanda da İKT bacarıqlarının yoxlanılması anlaşılandır. Ancaq biz bu gün magistratura pilləsində istifadə olunmuş informatika suallarını təhlil etdikdə görürük ki, bu test tapşırıqları gələcəkdə İKT bacarıqları olacaq şəxsləri seçməyə imkan vermir. Müvafiq imtahanda informatikadan yüksək bal toplayanların ciddi elmi bazası, praktik qabiliyyətləri olmur. Bu daha çox əzbərləmə formatında bilikləri yoxlamağa xidmət edir. Məhz informatika fənninin test tapşırıqları da bakalavrların nəticələrində öz mənfi təsirini göstərəcək”.

 

“İnformatika bilik yox, bacarıq yoxlayan sahədir”, -deyə K.Əsədov vurğulayıb:

 

“İnformatika ilə bağlı DİM-in öz vəsaiti var, amma o böyüklükdə vəsaitdən 25 test tapşırığının salınması doğru deyil. Nəzərə alsaq ki, informatika böyük bir elm sahəsidir və bütün kitabı oxumaqla testləri həll etmək düzgün deyil.

Buna görə də biz bacarıqları yoxlamaq üçün müxtəlif keyslərdən istifadə etməliyik. İnsan hər hansısa termini bilməlidir, yoxsa kompüterdə məqalə yazmağı? İmtahanın mahiyyəti odur ki, ən yaxşı tədqiqatçıları, elm adamlarını seçə bilək. Bizim keçirdiyimiz imtahan onların gələcəkdəki fəaliyyətinə müsbət təsir göstərsin. Amma bugünkü imtahanların məzmununda belə bir funksiya yoxdur”.

 

Ekspert qeyd edib ki, tərcümə ixtisasını bitirən bakalavrlar var ki, imtahanda keçid balını toplaya bilmirlər:

 

“İxtisasından asılı olmayaraq hər bir tədqiqatçı xarici dili bilməlidir. Bu beynəlxalq bazaya daxil olmağa, tədqiqatların beynəlxalq səviyyədə tanınmasına və s. imkan verir. Amma imtahanlarda xarici dildən yaxşı bal toplayan tələbələr belə, xarici məqalə tərcümə edərkən əziyyət çəkirlər. Çünki biz əzbərçi imtahan modeli hazırlamışıq.

İmtahanda essenin salınmasına gəlincə isə, bəli, akademik yazı dünyanın tələbidir, amma bu esse deyil. Hesab edirəm ki, bu üsullarla yaxşı elm adamlarını seçə bilmərik. Həqiqətən də son illərdə elmə gələnlərin sayında, eyni zamanda onların faydalılıq əmsallarında məhz imtahanın problemlərini görə bilirik. Ola bilər ki, istədiyimiz mütəxəssis var, amma o az bal toplayıb deyə, təhsil pilləsini yüksəldə bilməyib.

Bugünkü imtahan nəticələri universitetlərin yox, kursların nəticələridir. Magistraturaya qəbul zamanı istifadə olunan fənlər ali məktəblərdə yüksək səviyyədə tədris olunmur. Heç bir ali təhsil müəssisəsində riyazi məntiq tədris edilmir. İnformatika və xarici dilin yüksək səviyyədə tədris olunduğunu düşünmürəm. Bu məsələlərlə bağlı əlimizdə çoxlu faktlar var ki, tələbə ya ingilis bölməsini bitirir, ya tərcümə ingilis dili ixtisasını bitirir, ancaq ingilis dilindən 5 balı keçə bilmirlər”.