Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-24 10:50:16
“Silah anbarı” aşkarlanan məktəbin direktoru – “Onları tonqala da atsan, partlamaz”

“Bəzi mətbuat orqanları məsələni şişirdiblər ki, məktəbdən silah anbarı tapılıb . Bir də qeyd edirəm, “silah anbarı” dedikləri alışma imkanı olmayan, hətta tonqala belə atsan, alışmayacaq təlim məqsədli avadanlıqlardır”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı şəhəri 175 saylı tam orta məktəbin direktoru Tural Mirzəliyev deyib.

O, qeyd edib ki, ANAMA hərbi sursatların təlim məqsədli olduğunu təsdiqləyib:

“175 nömrəli məktəbə oktyabrın 9-da təqdimatım olub. Ondan sonra məktəbin zirzəmisində təmizlik işləri aparılan zaman oradan patronlar və s. aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları vaxtaşırı məktəbə gəlib baxış keçirirlər.  Biz də xəbər tutan kimi FHN-ə məlumat vermişik. Baxış zamanı patronlar və bir top mərmisi aşkarlanıb.

Ondan sonra ANAMA da gəlib təsdiq edib ki, bunlar təlim məqsədli, içi boş barıtı olmayan güllələrdir. Bəzi mətbuat orqanları isə məsələni şişirdiblər ki, məktəbdən silah anbarı tapılıb. Bir də qeyd edirəm ki, alışma imkanı olmayan, hətta tonqala belə atsan, alımayacaq təlim məqsədli avadanlıqlardır. Sadəcə vaxtı keçib və kənarlaşdırmaq lazım idi, kənarlaşdırıldı”.

Xatırladaq ki, ötən günlərdə Bakıda 175 saylı məktəbin zirzəmisində 352 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunduğuna dair xəbərlər paylaşılmışdı.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 175 saylı tam orta məktəbin zirzəmisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 352 ədəd müxtəlif növ təlim məqsədli partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.