Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-13 12:05:13
“İlin Gənc Müəllimi”nin QALİBİ- “Fəaliyyətimdə dönüş nöqtəsi oldu”

"İlin gənc müəllimi-2023" müsabiqəsinə qeydiyyat davam edir.

 

Müsabiqənin əsas məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

 

Müsabiqənin 2022-ci il qalibi, İsmayıllı rayonunun Talıstan kənd tam orta məktəbin müəllimi Orxan Əhmədov AzEdu.az-a açıqlama verib.

 

Müsahibimiz qeyd edib ki, "İlin gənc müəllimi-2022" mükafatının birinciliyinə layiq görülmək onun üçün çox böyük fəxr hissidir:

 

“Uğur qazanmaq təsadüfi olaraq baş vərmir. Hər parlayan işin arxasında inam, əzm və zəhmət yatır. Peşəsindən asılı olmayaraq hər bir insan mükafatlananda daha da həvəslə öz peşəsinin dərinliklərinə qədər mükəmməl dərəcədə öyrənmək, daha yaxşı mütəxəssis olmaq istəyir.

 

Biz bir müəllim kimi şagirdlərimizi hər zaman təltiflər, kiçik mükafatlar verdikdə, onları dərslərinə daha məsuliyyətlə yanaşmasını müşahidə edirik. Çünki,hər bir insan zəhmətinin bəhrəsini görəndə qürur hissi keçirir. Bu müsabiqədə mənim müəllimlik peşəmdə ilk böyük uğrum idi. Bundan sonra müəllimlik fəaliyyətimdə bir dönüş nöqtəsi oldu. Çünki, cəmiyyət içərisində nüfuzum xeyli artdı. Bu istər sosial şəbəkələrdə, istərsə də ictimaiyyət arasında özünü göstərdi. Müsabiqə mənə daha çox motivasiya verdi, daha yaxşı işlər görəcəyimə və öz üzərimdə işləməyə inandırdı, həmçinin rəsmi şəxslərlə tanışlığıma və yeni dostlar qazanmağıma bir vasitə oldu”.

 

Müəllim müsabiqədə iştirak edəcək müəllimlərə tövsiyələr verib:

 

“Müəllim həmkərlarıma tövsiyəm odur ki, hər zaman yenilik axtarışında olsunlar. Təhsillə bağlı müxtəlif müsabiqə və yarışlarda iştirak edərək, öz biliklərini sınasınlar. Heç zaman mənfi fikirlərə düşməsinlər, gələcəyə nikbin baxsınlar. Burada qalib olmaq şərt deyil. Ən azından uğura gedən yola da özlərini sınamış olarlar.

 

Müsabiqədə iştirak edəcək hər bir müəllimə uğurlar arzulayıram. Bu sadəcə bir müsabiqədir, hər bir keçirilən müsabiqədə olduğu kimi burada da qaliblər olacaq. Qalib olmayan müəllimlər heç də ruhdan düşməməlidirlər. Bu onlar üçün bir stimul olmalı və özlərini təkmilləşdirməlidirlər. Özümü misal çəkə bilərəm. Mən ilk dəfə bu müsabiqədə 2021-ci ildə iştirak edəndə Top-50 düşdüm. Özlüyümdə sual verdim ilk ilimdə 50 müəllimdən biri oldumsa, niyə təkrar iştirak etməyim? Özümü daha yaxşı inkişaf etdirərək, ikinci dəfədə qalib oldum. Ən əsası ruhdan düşməməkdir”.

 

“Şagirdin başı üzərində atəş olsanız yanıb kül olar, Günəş olsanız açıb gül olar”,-deyən O.Əhmədov müəllimləri günəş olmağa çağırır:

 

“Təhsilverənlər onların yollarını öz nuru ilə işıqlandırmalı, düşüncələrini  elmlərini  aydınlatmalıdır. Belə olduğu halda şagirdin həyat idealına çevrilən, əsl müəllim obrazı olmaq mümkündür. Müəllimlər fəaliyyətində uğur qazanmaq üçün mütləq şəkildə çox çalışmalıdırlar.Öz fənlərini sevərək dərinliklərinə qədər öyrənməlidirlər. İstedadlı və bacarıqlı şagirdləri seçərək  olimpiadalara, müxtəlif bilik yarışlarına hazırlaşaraq həm şagirdlərini, həm də özlərini inkişaf etdirmiş olacaqlar.

 

Ölkədə keçmiş dövrlə müqayisədə müəllimlərin inkişafı üçün daha yaxşı şərait yaradılıb. Belə ki, Azərbaycan Gənc müəllimlər Assosiasiyasının təşkil etdiyi təlimlər, müəllimlər arasında keçirilən bilik yarışları ,olimpiadalar, Qrant müsabiqələr və s. Müasir dövrdə texnologiyanın inkişafı getdikcə sürətlənir və bunun nəticəsində də müəllimlər  online vasitəsilə təlimlərə ,yarışlara qoşularaq özlərini inkişaf etdirə bilərlər. Bu isə müəllimlərin vaxtlarını daha səmərəli istifadə etməsinə şərait yaradır”.

 

Qeyd edək ki, müsabiqədə 39 (39 yaş da daxil olmaqla) yaşadək olan müəllimlər iştirak edə bilər. 

 

Linkə keçid edərək formu doldurub, müsabiqədə iştirak edə bilərsiniz:

https://docs.google.com/forms/d/17jbnZdVrOO eXw97wOUc82TSHA9W3VxZnmc6h_6Km3s/edit