Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-09 17:25:42
Magistraturaya imtahan: Bakalavrlar yaxşı nəticə üçün nə etməlidirlər?

Xəbər verdiyimiz kimi, fevralın 11-i magistratura pilləsinə qəbul üzrə I cəhd imtahanı keçiriləcək. Bu il ilk dəfə qəbul imtahanında xarici dil fənni üzrə tələbələrin yazı bacarıqlarını yoxlamaq məqsədi ilə esse (yazı) əlavə olunacaq.

 

Bəs, görəsən, onlar son günlərdə nələri etməlidirlər? İmtahan prosesində vaxtı necə düzgün bölməlidirlər?

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a danışıb.

 

Ekspert bildirib ki, imtahana essenin salınmasının ümumi nəticələrə mənfi təsir edəcəyini düşünmürəm:

 

“Bu il magistraturaya qəbulun I cəhd imtahanına təxminən 19 mindən çox bakalavr qeydiyyatdan keçib. İmtahana bu ildən etibarən essenin əlavə olunması məsələsinə gəlincə isə, düşünürəm ki, bu proses bakalavrların gələcəkdə elmi araşdırmalar aparmalarına, xarici dilli resurslardan istifadə etmələrinə müəyyən qədər dəstək verəcək, çünki esse yazan zaman tələbə dil biliyini zənginləşdirə bilir. Essenin yazılması üçün 3 saatdan əlavə yarım saat vaxtın artırılması, onun digər fənlərə mənfi təsir etməyəcəyini göstərir”.

 

“Bakalavrlar imtahanda hansı fənn asandırsa, ondan başlamalıdırlar”-deyə E.Əfəndi vurğulayıb:

 

“İmtahanda ən əsas məqamlardan biri də vaxtı düzgün bölmək məsələsidir. Bakalavr hansı fənn, hansı sual daha asandırsa, əvvəlcə ondan başlamalı, daha sonra orta səviyyəli sualları yazmalıdır. Axırda isə ehtiyat üçün ən az 15-20 dəqiqə ayıraraq həll edə bilmədikləri sualları, eləcə də  cavabından əmin olduqları sualları cavab kartında qeyd etməlidirlər. Tələbələr artıq bu gündən imtahana hazırlıq prosesini bitirməli, beyinlərini dinləndirərək heç nəyə baxmamalı, fiziki yorğunluqdan azad olmalıdırlar ki, imtahanda daha sərbəst ola bilsinlər.

 

İmtahanda həyəcanlanmamaq üçün başlıca şərt sual kitabçası ilə məsafəni düzgün qorumaqdır. Çünki kitabçaya nə qədər yaxın gediriksə, həmin vaxt suallar bizə daha çətin görünür. Suallar da çətin gəlirsə, avtomatik daxildə yersiz həyəcan meydana gəlir. Düşünürəm ki, məsafə nəzərə alınmalı, çətin sual gördükdə o sualı adlayıb digər suala keçməlidırlər. 

 

Esse yazarkən onun xüsusi meyarlarına riayət etmələri tələb olunur. Bununla bağlı DİM-dən məlumat verilib. Tövsiyə edirəm ki, həmin meyarlarla tanış olsunlar. Ümumi olaraq bütün bakalavrlara uğurlar arzu edirəm. Əgər nəticələri ürəkaçan olmasa, düşünməsinlər ki, bu sondur, çünki təxminən bir neçə ay sonra qarşıda II cəhd imtahanı bizi gözləyir”.