Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-09 14:54:00
Musa Quliyev: Qarabağ Universiteti Azərbaycan brendi olacaq

“Qarabağ Universiteti Azərbaycan brendi olacaq”

 

Bu sözləri AzEdu.az-a açıqlama verən deputat Musa Quliyev qeyd edib.

 

Xəbər verdiyimiz kimi, bu ildən etibarən Xankəndidə şəhərində yerləşən Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Universitetdə tədris 20 ixtisas üzrə aparılacaq.

 

Bəs, görəsən, bu ixtisaslara dünyadakı hansı prestejli ixtisaslar da əlavə edilə bilər?Ümumilikdə Qarabağ Universiteti nəyi ilə digər mülki ali təhsil müəssisələrindən fərqlənəcək?

 

“Qarabağ Universitetində təməl olaraq kompüter texnologiyaları, mühəndislik sahələri, bioloji, humanitar, eləcə də fundamental  elmlərin tədrisi hər tərəfli şəkildə aparılacaq. Tədris prosesində Azərbaycanın ən yüksək ixtisaslı professor-müəllim heyəti fəaliyyət göstərəcək. Bununla yanaşı xarici ölkələrin tanınmış universitetlərindən alimlər, müəllimlər Qarabağ Universitetinə dəvət olunacaq. Universitetdə təhsil dövlət tərəfindən maliyyələşdirildiyi üçün buraya ən yüksək balla, yüksək istedadlı, savadlı tələbələr qəbul olunacaq. Heç şübhəsiz ki, bu universitet beynəlxalq təhsil proqramları üçün açıq ali təhsil müəssisəsi olacağından dünyanın müxtəlif ölkələrindən yüksək bal toplayıb, Qarabağda oxumaq istəyən tələbələri də qəbul ediləcək. Qarabağ Universiteti yenidən qurulan Qarabağın və Şərqi Zəngəzurun elm və təhsil məbədi olaraq dünyaya Azərbaycan elminin və təhsilinin təqdimatı olacaqdır”.

 

Deputat qeyd edib ki, heç şübhəsiz gələcəkdə Qarabağ Universitetinin tələbə şəhərciyi də fəaliyyət göstərəcək:

 

“Xankəndidə təkcə universitetin fəaliyyəti ilə iş bitməyəcək, tələbələrin yaşaması üçün kampuslar, çalışmaları üçün kitabxanalar, eləcə də gələcəkdə tələbə şəhərciyinin salınması nəzərdə tutulur. Biz bununla bir daha dünyaya  sübut edəcəyik ki, Qarabağın da, Şərqi Zəngəzurun da əsl sahibləri bizik! Gəlin, görün, əməkdaşlığımız daimi olsun.

 

Qarabağ Universiteti yüksək səviyyədə təhsilin və elmin  tədrisi ilə fərqlənəcək. Elmi biliklərin mənimsənməsi, şəffaflıq, ardıcıllıq, eləcə də dünyanın aparıcı elm müəssisələri ilə əməkdaşlıq universitetin nüfuzunu, səviyyəsini daha da artıracaq. Hesab edirəm ki, Qarabağ Universiteti təkcə Azərbaycanın deyil, dünyanın sayılan universitetlərindən birinə çeviriləcək. Təbii ki, yeni açılan universitetin uzun müddət tarixi olan universitetlərlə rəqabət aparmağı çətindir, amma tədricən lazımi səviyyədə universiteti yüksəldəcəyik. Sözsüz ki, bu ardıcıl və ağır zəhmətin nəticəsidir. Təkcə Elm və Təhsil Nazirliyinin deyil, bütövlükdə cəmiyyətin və Azərbaycanın elmi intellektual potensialının xidməti gərəklidir”.