Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 17:52:00
Dünya ictimaiyyəti 1918-ci il azərbaycanlılarının soyqırımından xəbərsizdir 

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi 1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti tədbir keçirib.

Tədbirdə ziyalılar, QHT rəhbərləri, məktəblilər, KİV nümayəndələri iştirak ediblər.

Abşeron rayonunun Masazır qəsəbəsində keçirilən dəyirmi masada 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən dinc azərbaycanlılara qarşı qəddarlıqla törədilmiş kütləvi qırğınlar barədə danışılıb.

İctimai Birliyin layihə rəhbəri Məhbubə Mehtiyeva xatırladıb ki, 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhəri və ətraf qəsəbələrdə on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, 1918-ci ilin həmin dövründə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da müstəqil Azərbaycan Respublikasında "Azərbaycanlıların soyqırımı haqqında" Fərman verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. 

Tanınmış ekspert, “Jurnalist araşdırmaları mərkəzi”nin sədri Seymur Verdizadə isə bildirib ki, həm Azərbaycan ictimaiyyəti, həm də dünya aləminin erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətləri daha dolğun şəkildə bilməsinə ehtiyac var. 
Çünki insanlığa qarşı törədilən bu qatı cinayətlərə genosid aktı kimi beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilmədiyindən təcavüzkar Ermənistanın mülki əhaliyə qarşı yönəlmiş soyqırımı siyasəti bu gün də davam etdirilir.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ilin yanvarında 1918-ci il azərbaycanlılarının soyqırımının 100 illiyi haqqında imzaladığı sərəncamın ciddi əhəmiyyətə  malik olduğu vurğulanıb. Bildirilib ki, sərəncam təhrif olunmuş hadisələrin ölkə və dünya ictimaiyyətinə tanıdılması baxımından vacib sənəddir.

Sonra məktəblilər soyqırımına dair kompozisiya göstəriblər.

Qeyd edək ki, tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində gerçəkləşib.