Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-02 15:37:00
Prezident mükafatçısı: Məqsəd və xəyallarınızın arxasınca gedin”

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fatimə Məmmədova Prezident İlham Əliyevin “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı ilə mükafata layiq görülən gənclər arasında yer alıb.

 

Fatimə Məmmədova AzEdu.az-a təəssüratlarını bölüşüb.

 

Vurğulayıb ki, bu xəbər onun üçün çox gözlənilməz olub:

 

“Xəbəri aldığım zaman dərsdəydim və hətta mənə atılan mesajları belə görməmişdim. Çıxanda ilk növbədə telefonumda çoxlu mesaj gördüyüm üçün həyəcan keçirdim, bu şad xəbəri öyrəndiyimdə isə həyəcan hissim sevinclə əvəz olundu”.

 

Fatimə Məmmədova həmçinin gənclərə öz tövsiyələrini də verib:

 

“Əlbəttə ki, belə bir uğur qazanmaq hər bir gəncin xəyalıdır. Mən tövsiyə edərdim ki, öz məqsədləri və xəyallarının arxasınca getsinlər, uğur özü onları tapacaqdır. Bu yolda onları heç nə sındırmasın və döndürməsin, əmin addımlarla yüksəlsinlər. Təbii ki, bu uğurda təhsil aldığım Bakı Ali Neft Məktəbinin, komandamın rolu da danılmazdır”.

 

Qeyd edək ki, Prezidentin Sərəncamına əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncdən biri olan Fatimə Bakı Ali Neft Məktəbinin fəal tələbələrindəndir.

 

O, “SOCAR Türkiyə” və bp-də proses mühəndisi olaraq təcrübə keçib, mübadilə proqramı çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetində bir semestr təhsil alıb.

 

Onun təmsil olunduğu BANM-in komandası Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı “Teknofest” yarışmasında “Yaşıl texnologiyalar” kateqoriyasında I yerə layiq görülüb və “Teknofest Türkiyə”də layihəni tanıtmaq imkanı əldə edib. Komanda eyni layihə ilə regionlar üzrə keçirilən “ClimateLaunchPad” yarışmasında 3-cü yerə layiq görülüb, “The Black Sea Universities Network (BSUN)” yarışmasında qalib olub. 2023-cü ildə bu layihə KOBİA tərəfindən maliyyələşdirilib.