Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-31 16:32:00
Tələbələrin nəzərinə! - Təcrübə qaydalarında yenilik faydalı olacaq?

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında yeniliklər edilib. Yeni qaydalar 2024-cü ilin 15 sentyabr tarixindən tətbiq olunacaq. 

 

Maraqlıdır, ixtisas üzrə təcrübə keçmə qaydalarındakı dəyişiklik nə qədər effektiv olacaq?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən professor Elçin Süleymanlı bildirib ki, təcrübə prosesi bakalavr tədrisinin əhəmiyyətli bir hissəsidir və tələbənin yaxşı bir kadr kimi yetişməsinə təsir edir:

 

“Təcrübə ilə bağlı yeni hazırlanan qaydalarda bir neçə fərqli nüans var. Bunlardan  birincisi odur ki, təcrübənin tədris proqramındakı yeri və müddəti ali təhsil müəssisəsinin özü tərəfindən qərarlaşır. İkinci bir dəyişiklik isə işləyən tələbələrə güzəştlə bağlıdır. Hansı ki, əgər tələbə çalışırsa, onun işlədiyi yerdə fəaliyyəti 1.5 kreditlə qiymətləndirilir. Yəni işləyən tələbələrin çalışdığı müəssisə ilə universitet arasında müqavilə varsa, o əmək fəaliyyəti təcrübə sayıla bilir. Eyni zamanda müvafiq qaydalara əsasən təcrübə müddəti həftədə 20 saatdan yuxarı olmalıdır. Burada ixtisasın spesifikasına görə müddət artırıla da bilər”.

 

E.Süleymanlı qeyd edib ki, tələbələrin təcrübə müddəti xaricdə və ya ali təhsil müəssisəsindən kənarda keçirilirsə, tələbələrə otel və yaşayış xərci ödəniləcək:

 

“Bu müəssisə və universitet arasındakı müqaviləyə görə tənzimlənir. Bu vəsaiti həm şirkət, həm də universitet ödəyə bilər.Hesab edirəm ki, təcrübə prosesi ilə bağlı ali məktəblərə  müəyyən qədər muxtariyyət verilib”.

 

Professorun sözlərinə görə təcrübədə dəyişikliyin olması tələbənin ixtisasının artırılmasına və yaxşı bir kadr olması üçün faydalı bir addımdır:

 

“Əvvəlki illərdə tələbələr üçün təcrübələr II və III kursların yay aylarında aparılırdı. Sonradan isə bu proses sonuncu kursun 8-ci semestri olaraq qərarlaşdı. Amma yeni qaydalara görə artıq ixtisasın spesifikasına görə daha aşağı kurslarda təcrübə keçirilə bilər. Onu da qeyd etmək lazımdır ki, yeni proqramda 6 saatlıq dərs yükü mövcuddur. Belə olan halda tələbə həm təcrübədə olmalı, həm də universitetdə nəzərdə tutulmuş dərs yükünü keçməlidir. Hesab edirəm ki, yeni qaydalar tələbələr üçün daha faydalı olacaq”.