Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-30 09:12:10
Gömrük işçiləri peşə bayramlarını qeyd edirlər  

Bu gün Azərbaycanda gömrükçülərin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi.

 

AzEdu.az xəbər verir ki, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb.

 

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Ulu Öndərin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.

 

Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir.

Prezident İlham Əliyev tərəfindən ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması, xarici ticarətin dəstəklənməsi və təşviqi, sahibkarlar üçün asan, əlçatan xidmətlərin formalaşdırılması, gömrük işinin səmərəli və müasir çağırışlara uyğun şəkildə həyata keçirilməsi üzrə strateji hədəflər müəyyənləşdirilib. Gömrük orqanları qarşısında qoyulan tapşırıqların uğurla icrası məqsədilə Gömrük Xidmətinin Fəaliyyət Proqramı tərtib edilib və orada şəffaflıq, məmnunluq və rəqəmsallaşmanın artırılması, gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, güvənli hüquq-mühafizə tədbirləri DGK-nın strateji hədəfləri olaraq əksini tapıb.

 

Gömrük orqanları tərəfindən icra olunan bütün layihə və yeniliklər “Gömrük İNKİŞAF modeli” konsepsiyası əsasında hazırlanır. Rəqəmsal həllərə, elmi nəzəriyyələrə, qabaqcıl təcrübələrə əsaslanan layihələr rəsmiləşdirmə və sərhədkeçmə proseslərinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə, gömrük nəzarətinin səmərəliliyinin artırılmasına, vaxt və vəsaitə qənaət olunmasına şərait yaradır. “Gömrük İNKİŞAF modeli” komitənin qısa və orta müddətli perspektiv hədəflərini, prioritet sahələrini və vəzifələrini müəyyən edən strateji planlaşdırma sənədi olan “Gömrük xidmətinin Fəaliyyət Proqramı” üzrə nəzərdə tutulmuş layihələrin konsepsiyasıdır.

 

Göstərilən şəffaf fəaliyyətin nəticəsi kimi 2023-cü il ərzində gömrük orqanlarının xətti ilə 5 milyard 728 milyon manat həcmində illik büdcə proqnozuna qarşı 6 milyard 334,77 milyon manat olmaqla, proqnozdan 606,77 milyon manat əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

 

Ötən il 813 xarici iqtisadi fəaliyyət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ verilib. Bunlardan 296-sı ixrac, 517-si isə idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib. 2023-cü il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş xarici ticarət iştirakçılarının idxal əməliyyatlarının payı 32,68 faiz, ixrac əməliyyatlarının payı isə 17,37 faiz təşkil edib.

 

Gömrük orqanlarının ən vacib fəaliyyət sahələrindən biri də qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. Belə ki, ötən il 34100 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 1681-i cinayət xarakterli faktlar, 1224 fakt xarici valyuta vəsaitlərini xaricdən qaytarmama, 33 fakt gömrük ödənişlərinin ödənilməsindən yayınma üzrə, 131 digər cinayət xarakterli fakt üzrə olub.

 

Bundan başqa, valyuta sərvətlərinin ölkənin gömrük sərhədindən keçirilməsi zamanı qanunvericiliyin tələblərini pozan müxtəlif şəxslərdən 321 min dollar, 2 milyon 303 min manat dəyərində 7710 ədəd qızıl zinət əşyaları; 1,5 kq qızıl külçələr, 251 min 800 manat dəyərində 5899 ədəd gümüş zinət əşyaları və 59,5 kq gümüş külçələr aşkar olunub.

 

Ümumi dəyəri 7 milyon 788 min 900 manat mobil telefonlar, avtomobil ehtiyat hissələri, elektron siqaretlər, məişət texnikası və əşyaları, xaricdə istehsal olunan aksiz markasız siqaretlər, spirtli içkilər, dərman vasitələri, tibb ləvazimatlar və qida əlavələri gömrük orqanları tərəfindən saxlanılıb.

 

Aparılan islahatların tərkib hissəsi olaraq Azərbaycan ilə İran arasında sərhəddə hər iki dövlət rəsmilərinin iştirakı ilə Astaraçay üzərində yeni körpünün və modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin açılışı olub. Gələcəkdə Azərbaycan ilə İran arasında Zəngilan rayonu ərazisində, eləcə də Gürcüstan ilə Azərbaycan arasında Ağstafa rayonu ərazisində yeni gömrük-keçid məntəqələrinin yaradılması nəzərdə tutulub.