Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 16:34:11
Şəhid Abdulla Rəhimovun adını daşıyan məktəbdə onun xatirəsi anılıb

Yanvarın 26-da şəhid Abdulla Rəhimovun xatirəsi onun adını daşıyan Bakıdakı 247 nömrəli tam orta məktəbdə anılıb.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları, şəhidin ailə üzvləri, döyüş yoldaşları Abdulla Rəhimovun məktəbin foyesindəki büstü önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Şəhid Abdulla Rəhimova həsr olunan videoçarx nümayiş olunub.

 

Şagirdlər Abdulla Rəhimovun həyatı və döyüş yolu barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, 1958-ci il dekabrın 6-da anadan olan Abdulla Rəhimov Bakıdakı 247 nömrəli tam orta məktəbi bitirib. Abdullanın ən böyük arzusu torpaqlarımızın azad olunacağı, qaçqın və köçkünlərimizin öz ev-eşiklərinə geri dönəcəyi, müharibənin başa çatdığı günü görmək idi. Bu arzu ilə o, 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində könüllü olaraq Füzuli, Şuşa, Laçın, Qubadlı, Ağdam, Goranboy, Ağdərə və Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib.

 

Abdulla Rəhimov 1992-ci ildə Şuşanın kəndləri uğrunda gedən döyüşlərdə öz dəstəsi ilə düşmənə qarşı güclü müqavimət göstərib, kiçik bir qrupla düşmənin arxasına keçərək kəşfiyyat işləri aparıb. O, eyni zamanda, düşmənin 10-15 nəfərə yaxın canlı qüvvəsini məhv edib, qayıdarkən mühasirəyə düşmüş qrup onun yüksək bacarığı sayəsində mühasirədən çıxıb. Abdulla Füzuli bölgəsində bir çox döyüş əməliyyatlarında iştirak edib və bölük komandiri vəzifəsini icra edib. Bir neçə kənd və yüksəklik uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi bölük düşmənlə dəfələrlə açıq döyüşlərə girib və düşmənin tankını, şəxsən özü 30-35 nəfərə yaxın canlı qüvvəsini məhv edib.

 

Tərtər-Ağdərə bölgəsində də 1994-cü ilin yanvarında yüksəkliklər uğrunda gedən döyüşlərdə misli görünməyən qəhrəmanlıqlar göstərib. 1994-cü il yanvarın 30-da Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Abdulla Rəhimov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Bakıdakı 247 nömrəli tam orta məktəbə Abdulla Rəhim oğlu Rəhimovun adı verilib.

 

Tədbirdə çıxış edən məktəbin direktoru Sitarə Abbasova Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın ömür yolunun gənc nəslə örnək olduğunu vurğulayıb. O, Vətən uğrunda canını qurban verən igidlərin, o cümlədən Abdulla Rəhimovun xatirəsinin heç zaman unudulmayacağını qeyd edib.

 

Şəhidin ailə üzvləri adından çıxış edən bacısı Sevinc Məmmədova qardaşının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına, məktəbin kollektivinə minnətdarlığını bildirib.

 

Abdulla Rəhimovun döyüş yoldaşları şəhidin Vətən sevgisindən, qəhrəmanlıqlarından, döyüş yolundan söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, şəhid olmasından 30 il keçməsinə baxmayaraq, onun haqqında danışmaq həm kədərli, həm də çox qürurvericidir. Çünki Abdullanın uğrunda canını qurban verdiyi və azad görmək istədiyi torpaqlarımız erməni işğalından azad olunub, ərazi bütövlüyümüz tam bərpa olunub. Çıxış edənlər Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün bu cür tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildiriblər.

 

Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar və rəqslər ifa ediblər. Şagirdlər Abdulla Rəhimovun qəhrəmanlığını, döyüş yolunu əks etdirən ədəbi-bədii kompozisiyalar təqdim ediblər.