Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-22 15:12:00
“Əlilliyi olanlar təhsil haqqından qətiyyən azad olunmamalıdırlar” – Deputatla təlimçidən fərqli mövqe

Mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycanın ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan bir sıra kateqoriyalara aid tələbələr təsdiqedici sənədlər təqdim etdikləri halda, onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Həmin kateqoriyalara;

-Dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailəsi statusunu almış ailənin üzvlərindən olan tələbələr,

-Dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan 18 yaşına qədər hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya onlara bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və ya II qrup əlil olan) 23 yaşınadək tələbələr,

-2014/2015-ci tədris ilindən başlayaraq, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ali təhsil müəssisələrində təhsil alan övladları daxildirlər.

Digər tərəfdən dünyanın bəzi ölkələrində qeyd etdiyimiz kateqoriyalarla yanaşı, əlil tələbələr də təhsil haqqından azad edilirlər. Onlar fiziki qüsurlu olsalar da, həyata, dünyaya baxışlarına görə, sağlam insanlardan heç də geri qalmırlar.

Bu baxımdan əlil tələbələrin təhsil haqlarında hansısa güzəştlər tətbiq olunmalıdırmı?

Milli Məclisin deputatı Fazil Mustafa AzEdu.az-a açıqlamasında deyib ki, bu gün sağlamlıq imkanları məhdud olan insanların əsas  problemi təhsil almaqdır:

“Əgər qanunvericilikdə varsa, təbii ki, buna əməl edilməlidir. Lakin bütövlükdə biz hələ buna nail ola bilməmişik. Sağlamlıq imkanları məhdud olan insanların əsas  problemi təhsil almaqdır. Onsuz da həmin şəxslərin fiziki, maddi narahatlıqları mövcuddur. Bu baxımdan əlil tələbələrə şərait yaradılmalıdır”.

Deputat düşünür ki, dövlətin bu istiqamətdə addım atmağa imkanı çatır:

“...Və bu, edilməlidir. Hesab edirəm ki, biz əlil insanların təhsil almasına dəstək verməliyik. Bununla, inklüziv təhsil sistemi daha çox  inkişaf edəcək.  Əlil tələbələrin təhsil haqqından azad edilmələrinə nail ola bilsək, bu insanların çətin vəziyyətdən çıxması, daha çox irəliləyiş əldə etməsi  mümkün ola bilər”.

Gülnarə Pənahova uzun illərini fiziki məhdudiyyətli şəxslərin cəmiyyətdə birmənalı qarşılanması üçün sərf edib. Müxtəlif tədbirlərdə iştirak edən təlimçi Gülnarə Pənahovanın da oğlu da sağlamlıq imkanları məhdud şəxsdir.

O, saytımıza danışarkən əlil tələbələrin təhsil haqqından azad edilməsinə qarşı olduğunu deyib:

“Əgər əlliliyi olan gənclər, qanunvericilikdə qeyd olunan kateqoriyalardan birinə daxildirsə, o zaman təbii ki, təhsil haqqından azad edilə bilərlər. Bilirsiniz, anadangəlmə  yaxud, sonradan qazanılmış  əlilliyi olan gənclər var. Bu gənclərə təhsil haqqından azadedilmə hüququnu aid etməzdim. Biz bir tərəfdən inklüziv cəmiyyət, bərabər hüquqlar, imkanlardan danışırıq. Sağlamlıq imkanları məhdud şəxslərin digər insanlar kimi yaşadığını, əlliliyin xəstəlik olmadığını təbliğ edirik.

Bu baxımdan onlar niyə təhsil haqqından azad edilməlidir? Yəni sıravi tələbələr kimi imtahan verib, pullu və ya pulsuza düşmək, əlil tələbələr üçün də keçərlidir. Hətta əlillərə hansısa başqa imtiyazların verilməsinə  əleyhinəyəm. Məsələn, onlara növbədə yol verilməsi və.s. Əgər bərabər şəraitdən danışırıqsa, əlil gənclərin təhsil hüququndan azad edilməsinə ehtiyac yoxdur”.