Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-22 11:16:00
Türkiyədə təqaüdlə təhsil – İmtahanlarda yenilik var!

Məlum olduğu kimi,Türkiyə Respublikası tərəfindən 2024-2025-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramına qəbul elan olunub.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir.

 

Proqrama sənəd qəbulu fevralın 20-dək davam edəcək.

 

Maraqlıdır, bu il təqaüd proqramına qəbulda hansı dəyişikliklər olacaq?

 

AzEdu.az-a açıqlama verən xaricdə təhsil üzrə ekspert Umud Babaşov qeyd edib ki, “Türkiyə bursları” qaydalarında dəyişiklik olunub:

 

“Türkiyədə xarici tələbələrin  təhsil alması üçün YBİ və YÖS-lə qəbul formatları var. Əvvəllər universitetlər ayrı-ayrı qəbul prosesi keçirirdi. Artıq bu ildən etibarən 1 dəfə imtahan olacaq və buna uyğun olaraq universitetlər qəbul prosesi həyata keçirə biləcəklər. Amma bununla yanaşı Türkiyədə xarici tələbələrin təhsil alması üçün müxtəlif qəbul formatları var. YTB, yəni Türkiyə bursları ilə tələbə qəbul olduqdan sonra onun bütün xərcləri Türkiyə Cümhuriyyəti tərəfindən qarşılanır. Tələbənin yataqxanada qalması, qidalanması, təhsil haqqının qarşılanması üçün  YTB-nin öz sistemi var. Bu sistemdə xaricdən gələn tələbələrin  təhsil alması üçün müəyyən büdcə ayrılır. Mühəndislik, müəllimlik, idman, neft sahəsi, proqramlaşdırma və başqa fakültələr var ki, tələbələr bu sahaləri rahatlıqla seçə bilərlər”.

 

Ü.Babaşov bildirib ki, abituriyentlərin “Türkiyə bursları” təqaüd proqramı ilə təhsil alması üçün müəyyən şərtlər var:

 

“Burs üçün  abituriyentin 9-11-ci sinf  ortalama qiymətlərinə baxılır. Sosial fəaliyyətlə məşğul olubsa, məsələn, idman, musiqi, dünya olimpiadalarındakı nəaliyyətləri də qəbulda nəzərə alınır. Həmçinin,  şagirdlərin beynəlxalq imtahanlarda iştirakı da qəbula təsir edən amillərdəndir. Bunlar ona görə üstünlüyü ondadır ki, normal YÖS imtahanı ilə Türkiyədə təhsil alan şagirdlərdən fərqli olaraq, valideynin heç bir xərci çıxmır. Üstəlik tələbə təqaüd də alır”.

 

Ekspert qeyd edib ki, bakalavr təhsilini Azərbaycanda oxuyub, magistr təhsili üçün də “Türkiyə bursları”na müraciət etmək mümkündür:

 

“Bakalavrlarla yanaşı magistr və doktorantura tələbələri  də “Türkiyə bursları” üçün müraciət edə bilərlər. Bu prosesdə isə tələbənin ortalaması, əlavə sertifikatları, sosial fəaliyyəti və s. hamısı nəzərə alınır.

 

“Bakalavrlar öz hesablarına Türkiyədə təhsil almaq istəyirlərsə, YÖS imtahanı verməlidirlər. YÖS 3 hissədən- matematik, geometrik və məntiqdən ibarətdir. Magistrantlar və doktorantura oxumaq istəyənlər isə ALES imtahanı verirlər”.