Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 11:39:16
“Örnək müəllim”in 20 Yanvar xatirəsi: “Ananın fəryadı illərlə qulaqlarımdan getmədi…”

20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn, kədər, qürur və qəhrəmanlıq səlnaməsi kimi qalıb. Əliyalın, silahsız xalqın vəhşicəsinə qətli ömür boyu yaddaşlardan silinməyəcək bir gerçəkdir. Bu faciə hər bir vətəndaşa təsir etsə də, ən çox həmin günün şahidlərində ağır izlər qoyub.

 

Həmin faciənin şahidlərindən biri də “Örnək müəllim” Kəmalə Əliyevadır.

 

AzEdu.az Təhsil Portalı Kəmalə müəllimin həmin günlə bağlı xatirələrini oxucularla bölüşür.

 

­ - Kəmalə müəllim, o günü necə xatırlayırsınız? 

 

- 1990-cı il yanvarın 19-u… Artıq aylar idi ki, hamı kimi biz də narahat idik. Xalq hərəkatı, Azadlıq meydanında baş verənlər haqqında həm həqiqətlər, həm də rəvayətlər danışılırdı. Televizorda “Planetimizin mənzərəsi hadisələr, şərhlər” verilişi gedirdi. Birdən-birə görüntü itdi, ekranda qarışıq xətlər bir-birini əvəz etdi. Biz antenin qırıldığını güman edib eyvana çıxdıq. Məlum oldu ki, hamıda eyni vəziyyətdir.  Ertəsi gün radiodan öyrəndik ki, televiziyanın enerji blokunu partladıblar.

 

- Həmin vaxt Bakının hansı ərazisində yaşayırdınız?

 

- Biz Köhnə Günəşlidə yaşayırdıq. Enerji blokunun partladığı an səs-küy eşidildi. Həyətdə bir avtobus dayanmışdı, səsucaldıcı ilə danışan bir nəfər şəhərə ordu yeridiləcəyini bildirir, cavanları avtobusla meydana köməyə getməyə çağırırdı. Avtobusa xeyli cavan oğlan minmişdi. Həyətin yaşlı sakinləri (rəhmətlik atam da orada idi) cavanları sakitləşdirib avtobusdan düşürdülər. Əvvəla, heç kəs öz ordumuzun (o zaman belə düşünürdük) özümüzə hücum edəcəyinə inanmırdı. İkincisi, yaşlılar gəncləri başa salırdılar ki, əliyalın adamlar orduya nə edə bilərlər?... Sonralar itkinin daha çox olması üçün bunun bir təxribat olduğunu deyirdilər. Avtobus uzaqlaşdı, ara sakitləşdi, biz eyvandan evə keçdik. Amma hamının içində məchulluqdan doğan müdhiş bir narahatlıq var idi.

 

O zaman 18 yaşım var idi, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin II kurs tələbəsi idim. 20 yanvar tarixində “Qədim və orta dövr Azərbaycan ədəbiyyatı”ndan imtahanımız olmalı idi. Müəllimimiz akademik Əliyar Səfərli idi. Sərtliyi ilə ad çıxarmışdı. Ondan çox çəkinirdik. Amma o gecə içimdəki narahatlıq sözlə ifadə edilməyəcək dərəcədə idi. Səhəri dirigözlü açdım. Səhər dayanacaqda xeyli gözləsəm də, avtobus görünmürdü. Dayanacaqdakı adamlar narahatlıqla bir-birinin üzünə baxırdılar. Bu zaman yaxınlıqdan keçən bir mikroavtobus dayandı, sürücü şəhərdə qarışıqlıq olduğunu, rus əsgərlərinin gecə adamları qırdıqlarını söylədi. Bu, inanılmaz idi. “Qızıl ordu” deyə əzizlədiyimiz Qırmızı Sovet ordusu xalqımızı gülləbaran etmişdi. Evə dönüb eşitdiklərimi danışdım.

 

Açıklama yok.

 

- İlk kiminlə əlaqə saxladınız?

 

- O vaxt bizim binalarda telefon xətti yox idi. Blokların önündə telefon avtomatları var idi. Yenidən həyətə düşüb avtomat telefondan şəhərə xalamgilə zəng vurdum. Onlar Nərimanov prospektində (indiki Hüseyn Cavid prospekti) yaşayırdılar. Xalam ağlayaraq gecə Salyan kazarması tərəfdə baş verən atışmadan, qırğından danışdı. Tez qrup yoldaşım – rəfiqəm Aygünə zəng vurdum. O da eyni dəhşətlə şəhərin qana bələndiyini deyib ağladı. İmtahan isə təxirə salınmışdı. Evə gəldim. Anam evdən hardansa köhnə bir radio tapıb çıxardı, qoşduq. Hadisələri ən azı burdan izləyə bilərdik.

 

22 yanvar tarixində atam, anam və qardaşım şəhidlərin dəfnində iştirak etdilər. Biz (mən və bacılarım) isə göz yaşları içərisində evdə qaldıq. Bizə icazə vermədilər: silahsız adamları qanına qəltan edən rus əsgərlərindən hər şey gözləmək olardı.

 

-İmtahanınız artıq təxirə düşmüşdü. Təxmini neçə müddət çəkdi bu ləngimə? Hadisədən sonra ilk dəfə universitetə gedəndə necə hiss edirdiniz? İnsanların reaksiyaları necə idi?

 

-Səhv etmirəmsə, yanvarın 25-i universitetə getdim. Vəziyyətlə maraqlanmalı idim, hələ imtahanı verməmişdim. Şəhərdə qəribə ölü sükut var idi. Avtobusda, metroda insanların üzündən dərd yağırdı. Hamı bir-birinin üzünə baxmağa çəkinirdi, bir-birindən utanırdı sanki: şəhid olanlar var, biz isə sağ qalmışıq... “Elmlər Akademiyası” metrosundan çıxdım. Səkinin kənarında böyük bir tank, üstündə əsgərlər... Öz-özümə düşünürdüm ki, bu daş səkilərin, divarların dili olsa idi, nələr danışardılar, görəsən?.. Universitetin qarşısında daha bir tank... Üstündə dayanmış əsgərlərin laqeyd, buz baxışları köksümə sancılır... Tarix kitablarından oxuduğum, filmlərdə gördüyüm işğal səhnələrini xatırlayıram... “Anam Bakı, canım Bakı, sən bunları da mı görəcəkdin?!.” Filologiya fakültəsinin giriş qapısında dərslərin müvəqqəti olaraq dayandırılması haqqında elanı oxuyub geri qayıtdım. Mən elə bil xeyli qocalmışam... Təkcə mənmi?... rastlaşdığım – tanıdığım və ya tanımadığım bütün insanlar xeyli qocalmışdılar.

 

 

 

- Şəhidlər xiyabanına ilk dəfə nə vaxt getdiniz?

 

- Tarix dəqiq yadımda deyil, amma bilirəm ki, dərslər başlayan gün qızlarla dərsdən sonra getdik. Bu elə ağrılı idi ki... Bir neçə məzarın başında ağlayan, ağı deyən qadınlar var idi. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Vəfadar Eminovun anasının onun məzarı başındakı fəryadı uzun illər qulaqlarımdan getmədi.

 Açıklama yok.

- İndi həmin günləri xatırlayanda qəlbinizdən, ağlınızdan nələr keçir?

 

- Bizim nəsil sovet beynəlmiləlçiliyi adı altında qəflət yuxusunda idi. 20 Yanvar şəhidləri öz ölümləri ilə xalqımızı ölümə, məhvə aparan bu qəflət yuxusundan oyatdılar. Böyük şairimiz Bəxtiyar Vahabzadənin sözləri ilə desəm, “torpağın bağrına cəsədləri ilə azadlıq toxumu əkdi şəhidlər”, müstəqilliyimizin simvolu olan “üçrəngli bayrağı öz qanları ilə Vətən göylərinə çəkdilər”.

 

O günlərdə çox adamlar partiya biletlərini cıraraq, yandıraraq bu qanlı qırğına etirazlarını bildirmişdilər. Dərsə qayıdan kimi biz də biletlərimizi təhvil verərək komsomol sıralarından çıxdığımızı bildirdik. 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini dünyaya bəyan edəndə sevindik ki, şəhidlərimizin qanı azadlıq ağacımızı suvardı. O zaman qarşıda bizi hələ nə qədər ağır faciələrin gözlədiyini bilmirdik. Biz hələ Xocalı soyqırımını, Şuşa itkisini yaşayacaqdıq. Biz 30 ildən çox itirilmiş torpaqlara qovuşmaq həsrəti ilə yaşayacaqdıq. Nə yaxşı ki, sonda bütün mübarizələrdən qalib xalq kimi çıxa bildik. Bunun üçün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, Ali Baş Komandana və onun rəhbərliyi altında bizə qələbə sevinci bəxş edən ordumuza minnətdarlığımı bildirirəm.

 

- Bir müəllim kimi bu tarixi günü şagirdlərinizə necə tanıdırsınız?

 Açıklama yok.

- 30 ildən çoxdur ki, müəlliməm. Keçirdiyim bütün tədbirlərdə (inşa və şeir müsabiqələri,  ədəbi-bədii tədbirlər) 20 Yanvar tarixini xalqımızın qürur, fəxarət günü, tariximizin ən şanlı səhifələrindən biri kimi təqdim edirəm. Bu tarixi gün, eləcə də şəhidlərimiz haqqında  onlarla şeirim var. Bu şeirlərimlə də şagirdlərimə vətənimizə məhəbbət, dövlətimizə, dövlətçiliyimizə sədaqət, şəhidlərə hörmət və ehtiram aşılamağa çalışıram.

 

20 Yanvar günü

 

Şəhid qanı bəzədi

Agappaq qar üstünü

20 Yanvar Günü.

                   Qanımızdan göyərdi

                   Qanlı qərənfil gülü

                   20 Yanvar Günü.

Qara yasa çevirdi

Neçə toyu, düyünü

20 Yanvar Günü.

                    Yıxıb zülmü, ucaltdıq

                    Azad Vətən mülkünü

                    20 Yanvar Günü.

Xalqımızın igidlik,

Qürur,   iftixar günü –

20 Yanvar Günü.

 

 

Şəhidlər qisasa səsləyir bizi

 

Ey Vətən övladı, bunu yaxşı bil,

Şəhidlər qisasa səsləyir bizi.

Narahat ruhları dincələn deyil,

Şəhidlər qisasa səsləyir bizi.

 

Kəsilsin bu fəryad, ağlamaq səsi,

Ay ana, ağlama, göz yaşını sil.

Bunu unutmasın gələcək nəsil:

Şəhidlər qisasa səsləyir bizi.

 

Eloğlu, yaxşı bax, diqqətlə dinlə,

Üçrəngli bayrağın al rəngi ilə,

Gah “Heyratı” üstə, gah “Cəngi” ilə

Şəhidlər qisasa səsləyir bizi.

 

Qeyd edək ki, Kəmalə Əliyeva Bakı şəhəri 234 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. O, 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.