Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-22 10:44:00
Ali məktəblərdəki formal təhsil kursların  “cibini doldurur” – “İşsizlik ixtisası”nı öyrədən universitetlər

Azərbaycanda tələbələrin tam bilik əldə etməsi üçün universitetlər kifayət etmir. Hər halda, onların əlavə məşğələlərə, kurslara ehtiyac duymaqları bunun sübutudur.   Məsələn, bir tələbə ingilis dili ixtisası üzrə oxusa da, dil öyrənməyə  kursa gedir. Yaxud jurnalistikada təhsil alır, lakin,  montaj və  digər önəmli proqramları özəl kurslarda öyrənir.

Belə olduğu halda, düşünülür ki, universitetlər ixtisaslar üzrə normal bir kadr hazırlayıb, ortaya çıxara bilmirlər.

Ona görə də, kurslara tələbat getdikcə daha da çoxalır.  Digər tərəfdən əksər kurslar insanlara təhsil vermək əvəzinə, ancaq şagird, abituriyent və tələbələrdən pul yığmaqla məşğuldur.

Maraqlıdır, Azərbaycan universitetləri tələbələri niyə tam kadr kimi formalaşdıra bilmirlər?

“Universitetlərimiz lazımı bacarıqlara yiyələnən mütəxəssislər yetişdirə bilmirlər”

Təhsil eksperti Nadir İsrafilov AzEdu.az-a açıqlamasında bildirib ki, sual mövcud reallıq baxımından aktual olduğu qədər, bir o qədər də düşündürücüdür:

“Təhsil - qanunvericiliyimizə əsasən, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi kimi səciyyələndirilir.

Digər tərəfdən təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlхalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sоsial və iqtisadi inkişafında rоlu ilə müəyyən edilir.

Bununla belə, ali təhsilin birinci səviyyəsi olan bakalavriatı bitirənlər bir yana, heç magistr elmi dərəcəsi almağa namizəd olan magistrantlar belə ixtisası üzrə iş tapmaqda problemlərlə üzləşirlər. Onların təcrübəsizliyi, lazımı bacarıq və vərdişlərə hələ tam yiyələnməmələri əsas gətirilərək, bir müddət təcrübə keçmələri, əlavə kursları bitirmələri tələb olunur.

Bu halda, haqlı sual ortalığa çıxır. Ya, universitetlərimiz lazımı bacarıq və vərdişlərə tələb olunan səviyyədə yiyələnən, beynəlxalq bir yana, milli əmək bazarında belə rəqabət qabiliyyəti mütəxəssislər yetişdirə bilmirlər. Ya da ki, işəgötürənlərimiz mövcud tələbatdan artıq olan kadr bolluğundan istifadə edərək, öz şəxsi və korporativ maraqlarına uyğun naşükür olub, əgər belə demək mümkündürsə, “şadlıqlarına şitlik” edirlər”.

“Ali məktəblərdə “bir ovuc” nəzəri biliklərin mənimsənilməsinə üstünlük verilir”

Ekspert qeyd edib ki, bu məsələdə təhsil müəssisələrinin payı daha çoxdur:

“Məntiqə görə, ali və ya orta ixtisas təhsil müəssisəsini yenicə bitirib, müstəqil həyata qədəm qoyan gəncdən hansı iş təcrübəsi tələb oluna bilər? Ya, bu təcrübənin qazanılması üçün oxuduqları müddətdə təhsil aldıqları müəssisələrdə onlara lazımı şərait yaradılmalı, ya da, əmək fəaliyyətinə başlamaq üçün imkan yaradılmalıdır ki, onlar bu təcrübəni məhz iş prosesində qazansınlar. Əks təqdirdə, "Bugünkü gənclərə geniş yol açmaq lazımdır” kimi məqsədimiz elə məqsəd olaraq da qalacaqdır".

Bununla belə, problemin yaranmasında “günah sahibi” olmaq baxımından təhsil müəssisələrimizin payı daha çoxdur. İstəsək də, istəməsək də səmimi etiraf etməliyik ki, ali və orta ixtisas təhsil müəssisələrində əsasən, “bir ovuc” nəzəri biliklərin mənimsənilməsinə daha çox üstünlük verilir, nəinki praktik bacarıq və vərdişlərin aşılanmasına. Əlavə kurslara meyl və maraq məhz bu faktorla əlaqədardır.

Buna görə də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir. Və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını nəzərdə tutur”.