Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-17 09:14:38
Tədqiqatçı müəllimlərə hansı güzəştlər edilməlidir? - AÇIQLAMA

Azərbaycanda elmin inkişaf etdirilməsi əsas mövzulardan biridir. Həmçinin universitetlərin reytinq sıralarında yer alması olduqca vacibdir. Buna görə də universitetlərdə müəllim və professorların tədqiqat apara bilməsi üçün şəraitin yaradılması fikirlər irəli sürülür.

 

Bəs universitetlərdə müəllim heyətinin tədqiqat apara bilməsi üçün hansı şərait yaradılmalıdır?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, elmi tədqiqatlar universitetlərin tanınmasında, eləcə də inkişafında böyük rol oynayır:

 

“Hətta qeyd etmək istərdim ki, tədris fəaliyyətinin belə önündədir. Çünki universitetin reytinqi hesablanarkən elmi təqdiqata verilən bal 50-60%, tədrisə verilən bal 15-20%-dir. Universitetlərin beynəlxalq arenalarda tanınması gəlir baxımdan da əhəmiyyət daşıyır. Dünyanın qabaqcıl ali məktəblərini müşahidə etdiyimiz zaman tələbələrin təhsil haqqısını universitet büdcəsinin 15-20%-i keçmədiyini aydın görmək olur. Düşünürəm ki, Azərbaycanda elmi tədqiqatlar üçün universitetlərə müəyyən dəstək vacibdir. Bu dəstəyə maliyyə, infrastruktur, texniki və kadr pontesialının gücləndirilməsi daxildir. Çünki keyfiyyətli bir tədqiqat üçün həm peşəkar elm adamı, həm də  onun tədqiqat aparacığı məkan, eləcə də xarici dil bacarığı mühümdür. Məlumdur ki, dünya elmi qlobaldır və bu qlobal elmin dilidə ingilis dilidir”.

 

Ekspert qeyd edib ki, tədqiqatçı və tədris aparan müəllimin şəxsi statusu olmalıdır:

 

“Son illər universitetlərdə keyfiyyətli məqalələr, eləcə də nəşr sayı artmaqdadır. Amma bu məsələnin kommersiyalaşması problemi hələki var. Burada dövlət sənaye və universitet iş birliyi vasitəsi ilə  keyfiyyətli tədqiqat ortaya çıxara bilər. Bu tədqiqatların gəlirləri tələbə gəlirlərindən də qat-qat çox ola bilər.  Hesab edirəm ki, universitetlərdə elmi tədqiqatların həvəsləndirilmə sistemi qurulmalıdır. Bu sistem qurulduqdan sonra elmi tədqiqatların sayında dəfələrlə artan bir neçə universitetimiz var. Tədqiqatçı müəllim və tədris aparan müəllim şəxsi statusda olmalıdır. Həmin müəllimlərin dərs yükü digərlərinə nəzərən yüngülləşməlidir. Bu Qərb universitetlərində çox istifadə edilmiş təcrübədir. Misal üçün bir müəllimin tədqiqat bacarığı zəifdirsə, o daha çox tədrislə məşğul olduğu halda başqa bir müəllimin tədqiqat bacarığı yüksəkdirsə, həmin müəllimin dərs yükü bir az daha azaldılır. Tədqiqatçı müəllimlərin əmək haqqısı digərləri ilə müqayisədə  20-30% daha yüksək olur. Bu da öz növbəsində tədqiqata verilən dəyərin nümunəsidir”.

 

E.Süleymanov söyləyib ki, bir kafedrada 20-30 müəllimin olduğu yerdə keyfiyyətli bir tədqiqatdan danışmaq çətindir:

 

“Başqa bir məsələ isə infrastrukturdur. Universitetlərdə müəllimlərin ofisi tədqiqata imkan verəcək şəkildə olmalıdır. Bir kafedrada 20-30 müəllimin olduğu yerdə keyfiyyətli bir tədqiqatdan danışmaq biraz çətin olar. Burada infrastruktur düzənlənməli, müasir avadanlıqlarla təchiz olunmalıdır. Universitetdə tədqiqat otaqları olmalıdır ki, müəllimlər dərs xaricində sakit şəkildə işi ilə məşğul ola bilsin. Əslində keyfiyyyətli bir tədris keyfiyyətli tədqiqatdan ortaya çıxır. Bir müəllim əgər dünya elmini təqib etmirsə, onun keyfiyyətli bir dərs keçəcəyi düşünülməz. Tələbələr və müəllimlərlə əməkdaşlıq birgə tədqiqat qruplarının qurulmasıda əhəmiyyətlidir. Tələbələrin və müəllimlərin tədqiqat bacarıqlarının artırılması ilə əlaqəli müxtəlif təlimlər verilməlidir”,- deyə fikrini yekunlaşdırıb.