Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-09 17:37:00
Sessiya imtahanları: Tələbələrin şikayətləri ilə bağlı universitetlərdən CAVAB

Məlum olduğu kimi, Azərbaycanda ali təhsil müəssisələrində imtahan sessiyalarına start verilib. Sosial şəbəkələrdə imtahanlarla bağlı tələbələr bir sıra şikayətlər ünvanlayır.

 

Belə ki, imtahan sessiyasında kənar şəxslərin imtahan zalına daxil olması, onlarda narazılıq yaradır. Qeyd edirlər ki, bu onların imtahan prosesinə adaptasiya olmasına mane olur.  

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə əlaqədar bir neçə universitetə sorğu ünvanladıq.

 

Maraqlıdır, görəsən,universitetlərə bununla bağlı şikayətlər daxil olurmu?

 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Neft və Sənayə (ADNSU) univeristetinin  İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov imtahan prosesinə hər hansı kənar müdaxilələr olmadığını və ancaq nəzarətçi müəllimin imtahan prosesində iştirak etdiyini bildirib:

 

“Azərbaycan Dövlət Neft və Sənayə Univeristetində imtahan sessiyası 29 dekabr tarixindən başlanılıb. İmtahanlar yazılı və şifahi formada həyata keçirilir. İmtahan keçirilən auditoriyalar kamera ilə təsis olunub və ayrıca otaqda monitorlar vasitəsilə proses nəzarət olunur. İmtahan keçirilən auditoriyada yalnız nəzarətçi müəllim iştirak edir. Qeyd edim ki, ötən günlərdə univeristetimizin rektor əvəzi Vazeh Əsgərov imtahan auditoriyalarına baş çəkib və imtahan prosesini kənardan müşahidə edib”.

 

Qərbi Kaspi Universitetinin KİV və İctimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Vüsal Məmmədov vurğulayıb ki, imtahan auditoriyalarına nəzarətçilərdən və İmtahan Mərkəzinin təhkim olunmuş əməkdaşından başqa kiminsə daxil olması qeyri-mümkündür:

 

“Qərbi Kaspi Universitetində imtahanlar qaydalara uyğun təşkil edilir. Nə bu sessiyada, nə də bundan öncə oxşar müraciətlər almamışıq. Qərbi Kaspi Universiteti imtahan sessiyasına yalnız tələbələrin qiymətləndirilməsi kimi yox, öz verdiyi təhsilin keyfiyyətinin ölçülməsi kimi baxır və imtahanların şəffaf, yüksək səviyyədə təşkilini prioritet məsələ hesab edir”.

 

Azərbaycan Texniki Universitetinin (AzTu) mətbuat katibi Sevinc İsgəndərova söyləyib ki, kənar şəxslər imtahan zalına buraxılmır.

 

Mingəçevir Dövlət Universitetinin (MDU) ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisisi Qurban Qurbanzadə bildirib ki, Mingəçevir Dövlət Universitetində tələbələrdən heç bir şikayət daxil olmayıb və hər hansı neqativ hal baş verərsə,  yerindəcə "İmtahan Qərargahı"nın nümayəndələrinin köməkliyi ilə aradan qaldırılmasına çalışılır:

 

“Mingəçevir Dövlət Universitetində 2023-cü ilin 30 dekabr tarixindən payız semestrinin  qış imtahan sessiyasına start verilib. Ənənəvi formada təşkil edilmiş imtahanlar 2024-cü ilin 1 fevral tarixinədək davam edəcək. Cari imtahan sessiyasıda baş tutacaq 1200-dən çox imtahanda 4000-dən artıq tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcək, rektorun iştirakı ilə “Açıq Qapı” günləri keçiriləcəkdir”.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova qeyd edib ki, UNEC-də imtahan sessiyası hər zaman ictimaiyyət nümayəndələrinə açıq keçirilir:

 

“Tələbələrdən kənar şəxslərin imtahan zalına daxil olaraq, onlara narahatlıq yaratdığı barədə şikayətlər də qeydə alınmayıb”.

 

Bakı Slavyan Universitetinin (BSU) Mətbuat və informasiya mərkəzinin müdiri Günel Natiqqızı qeyd edib ki, hazırda bizə tələbələrdən bununla bağlı şikayət daxil olmayıb.

 

Azərbaycan Universitetinin (AU) mətbuat katibi Lalə Dilanova söyləyib ki, tədris şöbəsinin əməkdaşı və imtahan nəzarətçisi xaricində kənar şəxslərin imtahan gedən otaqlara daxil olması mümkün deyil.

 

“Bu məsələyə çox ciddi yanaşılır”, -deyə əlavə edib.

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) PR və Media bölməsinin rəhbəri Nicat Abdullayevin sözlərinə görə məsələ ilə bağlı universitetə hər hansı bir şikayət daxil olmayıb:

 

“Azərbaycan Memarlıq və İnşaat Univeristetində 29 dekabr tarixindən payız semestrinin qış imtahan sessiyasına start verilib. İmtahan prosesi fevral ayının 3-nə kimi davam edəcək. Yazılı, şifahi və xüsusi qabiliyyət tələb edən fənlərdən imtahanlar keçirilir. Hər 3 imtahanın yüksək səviyyədə keçirilməsi üçün univeristet tərəfindən imtahan zalları təşkil olunub. İmtahanların keçirilməsi üçün kompüter otaqları var. Tələbələr mərkəzi qaydada həmin otaqlarda imtahan verirlər. Videomüşahidə kameraları vasitəsilə imtahan prosesi izlənilir. Hər hansı baş vermiş neqativ halın qarşısı onlayn şəkildə izlənərək alınır. Otaqda nəzarətçilər olur. Kənar şəxslərin otağa daxil olması heç bir halda mümkün deyil.  Eyni zamanda, imtahan sessiyası müddətində bir neçə dəfə “Açıq qapı” günlər təşkil olunur və tələbələrin valideynləri, ictimai şəxslər, media nümayəndələri gəlib imtahan prosesi ilə tanış olurlar. Bu da təbii ki, qısa vaxtda səssizliyə riayət olunmaqla həyata keçirilir. Tələbələrin imtahan prosesində narahat edilməsi, imtahan otağına girilib çıxılması halı baş vermir. AZMİU-nun İctimaiyyətlə əlaqələr şöbəsi olaraq bununla bağlı bizə  hər hansı məlumat daxil olmayıb. Təbii ki, müraciət daxil olarsa, biz həmin dəqiqə o  müraciəti araşdırıb lazımi tədbirlərin görülməsi üçün müvafiq qurumlara məlumat verəcəyik”.

 

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova məsələ ilə bağlı qeyd edib ki, imtahan otaqlarında tələbə və nəzarətçilərdən başqa heç bir kənar şəxs olmur. 

 

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Cavid Zeynallı bildirib ki,  imtahan prosesində qeyri-ixtisas müəllimlərindən nəzarətçilər, biliyin qiymətləndirilməsi şöbəsi, monitorinq şöbəsinin əməkdaşları olur:

 

“Bundan kənar şəxslər imtahan zalına buraxılmır. Birdə imtahanda tələbələrin düzgün şəkildə yerləşdirilməsinə Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarların üzvləri kömək edirlər. Amma imtahan müddətində yalnız nəzarətçi olur. Dekanlığın əməkdaşları da, tyutor belə müdaxilə etmir.”

 

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova söyləyib ki, belə bir hal baş verməyib.

 

Nigar Nəcəfova