Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-08 18:47:39
Müşavirdən şagird sayı ilə bağlı SÜBUT: “...göstəricilər daha yüksək olur”

"PİSA üzrə ən yaxşı nəticə göstərən ölkələrdə sinif otağında şagird sayı 36-45 nəfər arasında dəyişir".

 

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

 

Bildirib ki, sinifdə şagird sayının çox olmasının tədrisə mənfi təsir göstərdiyi ilə bağlı iddialara yalnız tədqiqatlara əsaslanaraq cavab vermək olar: 

 

"Bizim bir çox mülahizələrimizdə koqnitiv yanılmalar üstünlük təşkil edir. Bu, təəssüf ki, hətta ən rasional hesab etdiyimiz mütəxəssislərə də şamil olunur. Koqnitiv yanılmalarla bağlı ən mühüm tədqiqatlar iqtisadiyyat üzrə Nobel mükafatının sahibi Daniel Kahnemana aiddir. O, koqnitiv yanılmanın (cognitive bias) bir neçə formasını göstərir ki, onlardan da biri "lövbərləmə"dir (anchoring). Çox bəsit desək, ağlımızda gün ərzində konkret yoldan keçən maşınların sayı ilə bağlı bir rəqəm tuturuq. Sonra bizə cavab alternativləri verəndə, ilk ağlımızda olan rəqəmə yaxın olanı daha doğru hesab edirik. 

 

Bu günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev müsahibələrinin birində deyib ki, ”Bir sinifdə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur”. İndi bizim bir sıra təhsil ekspertlərimiz də "lövbərləmə" yanılması nümayiş etdirir. 

 

Bu tipli suallar yalnız böyük tədqiqatlara əsaslanaraq cavablandırıla bilər. Böyük ehtimal bütün təhsil ekspertləri inkar etməz ki, bu istiqamətdə ən böyük tədqiqatlar PİSA, PİRLS, TİMMS kimi beynəlxalq qiymətləndirmələrdir. Ümid edirəm ki, ekspertlərimiz bu tədqiqatlarla müntəzəm tanış olurlar".

 

Nazir müşaviri PİSA 2009 nəticələrindən birbaşa sitat gətirib:

 

""PISA göstərir ki, daha kiçik siniflər deyil, müəllimlərin daha yüksək maaşları, daha yaxşı tələbə performansı ilə əlaqələndirilir."

 

ETN-in son dövrlərdəki siyasəti MİQ, Sertifikasiya və s. alətlərdən istifadə etməklə müəllimlərin keyfiyyətinin artırılması və xüsusilə də sertifikasiya aləti vasitəsilə müəllimlərin maaşının artırılmasıdır. PİSA isə sübut edir ki, müəllimlərin maaşının artırılması, tələbələrin göstəricilərinə siniflərin kiçildilməsindən daha yaxşı təsir göstərir. Verilmiş büdcə çərçivəsində ya sinifdə şagirdlərin sayını azaldaraq sinif və müəllim sayını artırmaq olar ki, bu zaman daha çox müəllimə daha az maaş verməli olacağıq. Ya da sinifdə şagird sayı çox olmaqla daha az müəllimə daha çox maaş verməlisən. PİSA tədqiqatı göstərir ki, ikinci seçim şagirdlərin göstəricilərinə daha yaxşı təsir edir. Deməli, ETN mövcud elmi-tədqiqatlara əsaslanaraq siyasəti müəyyənləşdirir. 

 

PİSA üzrə ən yaxşı nəticə göstərən dövlətlər baxdıqda da məlum olur ki, Çin, Sinqapur, Koreya kimi dövlətlərdə siniflərdə şagird sayı 36-45 arasında dəyişir".