Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-28 14:25:13
Buraxılış imtahanlarına hazırlıqla bağlı VACİB QEYDLƏR

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) növbəti il üçün keçiriləcək buraxılış imtahanlarının tarixi barədə ictimaiyyətə açıqlama verib. Buraxılış imtahanları müvafiq olaraq 3  və 10 mart tarixlərini əhatə edəcək.

 

Abituriyentlərin 2-3 aylıq müddətdə imtahana hazırlıq prosesi necə təşkil olunmalıdır?

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a fikirlərini bölüşüb.

 

Ekspert qeyd edib ki, abituriyentlər buraxılış imtahanı proqramları ilə tanış olsunlar: “Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə ay öncədən buraxılış imtahanı proqramları barədə ictimaiyyətə məlumat verildi. Tövsiyə edirəm ki, abituriyentlər həmin proqramlarla tanış olub, onun əsasında öz biliklərinin hansı səviyyədə olduğunu müəyyənləşdirsinlər. Abituriyentlər daha yaxşı bilirlər ki, hansı fəndə, hansı mövzuda bilikləri daha zəifdir. Əgər tam olaraq buraxılış proqramı bitməyibsə o halda, qalan dövr ərzində bitirilməli olan hissəyə baxsınlar. Eyni zamanda çətinlik çəkdikləri mövzulara yenidən diqqət ayıraraq ümumi təkrara vaxt ayırsınlar”.

 

“Günlük dərs çalışma saatı ən az 7-8 saat olmalıdır”, - deyə ekspert vurğulayıb: “Vaxt ayırmaq məsələsi başlıca şərtlərdən biridir. Abituriyentlər daha yüksək nəticə əldə etmək istəyirsə o halda, sosial şəbəkələrə, mobil telefonlara, filmlərə və dostlarıyla əyləncəyə, gəzintiyə deyil, yalnız müvafiq imtahana hazırlıq prosesinə vaxt ayırmalıdırlar. Buraxılış imtahanını strateji imtahan hesab edirik, çünki həmin imtahanın nəticəsinə əsasən abituriyentlər ali təhsil müəssisələrinin I,II,III,IV eləcə də V ixtisas qrupu üzrə təhsil ala bilərlər. Bundan əlavə 11 illik bazadan orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün buraxılış imtahanı əsasında müsabiqədə iştirak edə bilərlər. Buradan da aydın olur ki, buraxılış imtahanı abituriyentləri 3 fərqli istiqamətə yönləndirə bilir. Həmçinin strateji imtahan adlandırmağımızın digər səbəbi səhv cavabların doğru cavablara təsir etməməsi məsələsi ilə bağldır. Buraxılış imtahanından nə qədər yüksək bal toplasalar,bu, abituriyentlərin xeyirinədir. Yüksək nəticə üçün hər bir fənnə diqqət ayrımaq lazımdır.

300 bal hər üç fənn üzrə eyni dərəcədə bölünür. Ancaq imtahanda çətinliklə üzləşməmək baxımından abituriyent üçün fənlərdən hansı daha çətindirsə, onunla daha çox məşğul olmağı məsləhətdir”.

 

E.Əfəndi qeyd edib ki, abituriyentlər sağlamlıqlarına diqqət ayırmalıdır: “Hər şeydən vacib sağlamlığın  qeydinə qalmaqdır. Bunun üçün də doğru qidalanmaq vacibdir.  Sağlamlıq vaxt itkisinin qarşısını almaqda başlıca addımdır. İmtahana hazırlaşan abituriyent üçün boşa gedən vaxt anlayışı olmamalıdır. Əlavə qalan vaxtlarını DİM-in hazırladığı testləri işləyərək dəyərləndirmək onlar üçün faydalı olacaqdır.  Test işləmək oxuduqları materialı gücləndirməyə əsas verir. Otk.az portalına daxil olaraq onlayn sınaqlarda iştirak edə bilərlər. Bu sınaqlar çətinlik olan mövzuları müəyyənləşdirməyə kömək edəcək. Bununla paralel olaraq təhsil mərkəzlərində keçirilən sınaq imtahanlarında da iştirak edə bilərlər”.