Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-26 16:01:11
Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumu öz işinə başlayıb
Forumda elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, yerli ali təhsil müəssisələrinin rektorları, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəis müavini Tamilla Hacıyeva, təhsil işçiləri, beynəlxalq ekspertlər və əcnəbi tələbələr iştirak ediblər.
 
 
AzEdu.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova forumun ənənəvi görüşlərdən fərqli olaraq təhlilə söykənən müzakirələr formatında aparılmasının daha keyfiyyətli təhsilin təşkili işində önəmini vurğulayıb.
 
 
Forumda çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli təhsilin beynəlmiləlləşməsi və ali təhsilə əlçatanlılığın artırılması istiqamətdə görülən işlərdən bəhs edib.
 
 
Daha sonra çıxış edən XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev və DMX-in Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəis müavini Tamilla Hacıyeva təhsil qrantı proqramlarının icrasının Azərbaycanın beynəlxalq təhsil imkanlarının və ikitərəfli əlaqələrin genişləndirilməsində, eləcə də müxtəlif ölkələrdən olan tələbələrə əlverişli təhsil mühitinin qurulmasında verdiyi töhfələrdən danışıblar.
 
 
Əcnəbi tələbələrin təhsilinə dair ilin yekun hesabatı ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov və Elm və Təhsil Nazirliyinin əməkdaşı Günay Cəfərzadə ölkəmizdə təhsil alan əcnəbilərin statistikası, ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə yer alması və mübadilə proqramlarında iştirakı ilə bağlı məlumatları tədbir iştirakçıları ilə paylaşıblar.
 
 
Forumun keçirilməsində məqsəd hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha produktiv modelinə keçid, 2023/2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabatın təqdim olunması, universitetlərin beynəlmiləlləşmə sahəsində inkişafını müzakirə etmək, eləcə də 2023-cü il üçün Fəaliyyət Planı üzrə əcnəbilərlə iş sahəsində fərqlənən universitetləri rəğbətləndirməkdir.
 
 
Forum öz işinə panel müzakirələri ilə davam edib.