Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 17:30:00
Gənc müəllimə valideyn rəftarındakı kobud  nöqsanları, “məhvedici silahları”  sadaladı – Psixoloji təhlil

Sabirabad rayon Şəhriyar kənd Məlik Məlikov adına tam orta məktəbin müəllimi  Əliyeva Pərvin AzEdu.az saytı üçün  şagird və valideyn münasibəti barəsində maraqlı yazı yazıb.

Müəllimənin valideynlərin bəzi nöqsanlarını üzə çıxaracaq yazısını diqqətinizə çatdırırıq:

Tərbiyənin həyatımızda rolu o qədər böyükdür ki, biz onu ən vacib etalon kimi qəbul etmişik. Ən çox valideynlər övladlarına bunu aşılamaq istəyir . Haqlı olaraq, bu, doğru mövqedir . Bəs yanlışları harada edirik, nələri gözdən qaçırırıq?

Əvvəla, hər birimiz uşaq vaxtı, indi uşaqlarda gördüyümüz mənfi cəhətlərdən yan keçməmişik. Ən ideal uşaqda belə, mütləq mənfi emosional halət olub və bu, ümumən davranışlarında büruzə verib. Uşaq bizim üçün əhliləşdirəcəyimiz canlılar sırasında olmamalıdır. Çünki o, ali varlıqdır, balaca adamdır. Bu balaca adam gələcəyin böyük adamı - ən əsası xoşbəxt, gümrah, həyat dolu ruha sahib ola bilər. Bu da, hər bir uşağın haqqıdır . Biz uşaqları özümüzlə müqayisə edirik . Hətta uşaqlarda olan mənfi xüsusiyyətlərin heç birinin vaxtilə bizdə olmadığını iddia edirik. Elə bu düşüncəyə malik olduğumuz an, hər şey alt-üst olur. Düzdür, valideynlər uşaqları müşahidə edib, hansısa qənaətə gələndə, əslində onlar üçün ən yaxşı olanı arzulayır. Lakin yanlış tərbiyə üsulu bütün arzuları ürəkdə qoyur.

Bax beləcə, dağıdıcı hərəkətlərə rəvac verən, qəlbi sevgidən məhrum uşaqlar yetişdiririk. Uşaqlarla ünsiyyəti necə qurmalıyıq ki,  bu qədər həlli mümkün olmayan problemlər olmasın. Valideynlər  nəzərə almalıdır ki, uşaq gələcəyin şəxsiyyətidir, cəmiyyətin əsas aparıcı simasıdır. Onları bəşəriyyəti məhv edən qırğın silahına çevirməməli, yəni eybəcər varlıqlar kimi formalaşdırmamalıyıq. Axı, bundan böyük  günah yoxdur. İnsan həyatı bu qədər ucuz olmamalıdır. Eyni zamanda qorxulu....

Psixoloqlar sübut edib ki , sevgi,  mənsubiyyət (kiməsə lazım olmaq ehtiyacı) insanın fundamental ehtiyaclarından biridir. Elə bütün bəlalar bu ehtiyacı ödəməyən zaman başlayır. Bəs valideyn adətən nə istəyir? Uşaq və yeniyetmə qısa vaxtda ona aid olan öhdəliklərini bilsin və xüsusiyyət etibarilə xoşa gəlməyən cəhətlərini aradan qaldırsın (dərslərini yaxşı oxumaq,verilən tapşırıqları anında həll etmək, getdiyi yerlərdə ətraf mühitlə doğru davranmaq , hətta oynadığı oyunları heç yanlışlıq etmədən icra etmək və.s) Axı valideynlər şərti refleks yaratmaq üçün mövcud deyillər. Uşağın tərbiyəsi heç də onu əhliləşdirmək mənasına gəlmir. Və nə qədər ki,  yuxarıda sadaladığım yanlış yanaşma çox olacaq, uşaqlar pis hərəkətlərdən əl çəkməyəcək.
Belə olan halda,  sual yaranır: Uşaqların doğru tərbiyəsi, ən əsası ruh vəziyyətlərinin yaxşı olması üçün nə etməliyik? Uşaqlar yanlışlar edəcək. Valideynlər bu yanlışları onların şəxsiyyətinə toxunmadan əxz etməli, səbirli olub, ən yaxşı halda, problemi necə həll etməyin qanunauyğunluqlarını öyrənməlidirlər .

Bəziləri deyəcək ki, bəs müəllim nə üçündür ? Doğrudur, müəllimin uşağa verdiyi biliyi, məninə etdiyi müsbət təsiri valideyn tam edə bilməz. Lakin valideynin uşaqda yaratdığı ümumi əhval ruhiyyəsindəki ən yüksək xüsusiyyətləri müəllim müəyyən mənada istəsə də, bacarmaz. Əvvəla, uşaq ilə valideyn arasında ailə bağı var. Min bir tellə bu qırılmaz bağ öz təsirini göstərir. Nəzərə alsaq, uşaq vaxtının çoxunu valideynlə keçirir, deməli onun tərbiyəsinə əsas müsbət təsir edən mürəbbiyyəsi də valideyndir. Və uşağın tərbiyəsi üçün ən yaxşı üsul və vasitəni müəllimin bilməsi məslək borcudur. Bu da hamımıza bəllidir.  Valideynlik isə elə peşədir ki , onun məzuniyyəti yoxdur . Valideynlik eyni zamanda insaniyyət sənətidir. Bu sənətə yiyələnmək isə yüksək fəzilətlər sırasındadır.

Valideynin öyrənmək və təmənnasız övladına öyrətmək öhdəliyi var.  Bu öhdəlik, həm də borcdur. Ən vacibi isə sevgi aşılamaqdır.

Əziz valideynlər,  uşaqların hərəkətlərini ittiham etmək olar, lakin onların hisslərini arzuedilməz olsa da, ittiham etmək olmaz . Uşaqlara “Mən sənin qayğına qalıram” deməklə, onların əskiklərini aradan götürmək mümkündür. Və ya “Nə yaxşı ki, varsan, mənim övladımsan” demək ona olan sevginizin göstəricisidir və uşaq üçün bu, əvəzolunmaz nemətdir. Bəlkə sevgini övladınıza sərgiləmək çətindir,  lakin, bunu öyrənmək lazımdır. Ya da heç valideyn olmamaq...

Amma bu kimi ifadələr uşaqlara məlhəm kimi gəlir. Bir sözlə, axı, xariqələr yarada bilərik. Nə olur-olsun, sevildiklərini hiss etmələri üçün valideyn xüsusi mexanizmlər işə salmalıdır.

Bəs sirr nədədir? Övladlarınızı şərtsiz qəbul edib, onları sevin . Onları başa düşməyə çalışın. Sadəcə övladınız olduğu üçün onu sevsəniz, kim bilir, o , gələcəyin necə böyük şəxsiyyətinə çevriləcək. Bəzən uşaqlardan çox şey istəyirik. Ən çox da süstlük , hərəkətsizlik,  ancaq sizə, istəklərinizə uyğun davranmaqları ,düşünməkləri. Biz onları həyata hazırlayırıqsa ,onlar bəzən bizim köməyimizlə özgüvən duyğusuna sahib olmalıdır. Necə ki, təzə ayaq açıb yeriyən uşaq yıxılacağını bilə-bilə ləngər vurur, öz müqavimətini az-cox saxlayaraq ilk addımlarını atır. Bu minvalla yeriməyi öyrənir.Lazım olanda sənə baxışlarıyla ismarıclar verir.

Əziz valideyn, sənsiz olmaz. Amma  hər şey sən istəyən kimi də olmaz. Övladlarınızı sadəcə sevin, onlara şəvqət göstərin. Onların maraqlarını, istəklərini və zəif nöqtələrini nəzərə alın. Unutmayın, ən böyük sərmayə sevgidir.  Onlarla dost olmaq, onları şərtsiz sevmək müstəqil, yaradıcı varlıq kimi baxmaq, o qədər çətin deyil.  Bunları etsək, evinizdə gecələri fikirdən və qorxudan yata bilməyən deyil, rahat yatıb, səhərləri böyük şövqlə oyanan uşaqlar görəcəksiniz. Hər hansı əmrin gücü, müdrik-mənəvi davranışın gücündən daha effektli ola bilməz...

P.S Onlar xoşbəxt olanda, biz də xoxbəxt oluruq. Çünki xoşbəxt uşaqlıq , xoşbəxt gənclik, xoşbəxt qocalıq deməkdir!