Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-25 10:42:00
Məktəbin yeganə şagirdi: “Tək olmağım məndə ruh düşkünlüyü yaratmır, əksinə...”

Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən Azərbaycanda 7 məktəb var ki, burada yalnız 1 şagird təhsil alır. Həmin məktəblərdən biri də Quba rayonu Qaravulüstü kənd məktəbidir.

 

Maraqlıdır, məktəbdə bir şagird olmağının səbəbi nədir? 

 

AzEdu.az təhsil portalı olaraq həmin məktəbin müəllim və şagirdi ilə əlaqə saxladıq.

 

Qaravulüstü kənd məktəbinin həm direktor, həm də müəllimi Ülviyyə Məmmədova bildirib ki, əvvəlki illərdə məktəbdə 5-6 şagird təhsil alıb:

 

“Lakin şərait normal olmadığına və bunun şagirdlərin təhsil almağına mane törətdiyinə görə onlar qonşu Qonaqkəndə gediblər. Amma bir şagirdimizin evi bu təhsil ocağına daha yaxın olduğu üçün təhsilini Qaravulüstü kənd məktəbində davam etdirir”.

 

Ü. Məmmədova qeyd edib ki, şagirdin tək olması onda ruh düşkünlüyü yaratmır:

 Açıklama yok.

“Dərs dediyim şagird hazırda 1-ci sinifdə oxuyur. Davamiyyəti də normaldır. Hər gün dərsə gəlir. Dərs prosesi həftədə 5 gün 4 saat olmaqla həyata keçirilir”.

 

Həmsöhbətimiz qeyd edib ki, ilk dəfə məktəbdə tək şagird olduğunu görəndə təəccüblənib, lakin sonradan buna alışıb:

 

“Qeyd edim ki, bu məktəbdə bir neçə aydır ki, həm direktor, həm də müəllim kimi fəaliyyət göstərirəm. Burada çalışan bir müəllim də var idi. Lakin istər savad, istərsə də dərs izah etmə qabiliyyəti yüksək səviyyədə olmadığı üçün valideynlərin etirazına səbəb oldu. Və övladlarını başqa məktəbə transfer etdilər. Həmin müəllim isə işdən azad olundu.

 

Direktor kimi yox, amma tək müəllim olaraq fəaliyyət göstərmək bəzən mənim üçün çətin olurdu. Ancaq  düşünürəm ki, istər tək, istərsə də çox şagird olsun, əsas odur ki, dərsimi sevərək tədris edirəm.

 

Şagird azlığı olduğu üçün dərs keçərkən müxtəlif metodlardan istifadə etmək də çətin olur. Lakin yenə də əlimdən gələni edirəm ki, dərs maraqlı olsun.

 

Müəllimin sözlərinə görə şagirdi dərslərə yaxşı hazırlaşır:

 

“Şagirdin dərsi qavraması qanedicidir. Fəaliyyətim böyü ilkdir ki, bir şagirdə dərs deyirəm. Amma bu proses mənə qətiyyən ruh düşkünlüyü vermir”.

 

Məktəbdə 1 şagird üçün bufetin fəaliyyət göstərib-göstərməməsi ilə bağlı sualımıza aydınlıq gətirən direktor söyləyib ki, tək şagird olduğuna görə bufetdən istifadə olunmur.

 

“Yeməyini evdən gətirir”, - deyə fikrini yekunlaşdırıb.

 

Həmin məktəbin tək şagirdi Gülyaz Soltanova AzEdu.az-a açıqlamasında qeyd edib ki, sinif yoldaşlarının olmamasının bəzi üstünlükləri var:

 

 Açıklama yok.

“Bəzən dərsi yaxşı başa düşmədikdə, müəllim dəfələrlə həmin dərsin üstündə qala bilir. Sinifdə tək şagird olmağım narazılığıma səbəb olmur. Həm direktorum, həm də müəllimim olan Ülviyyə Məmmədovadan çox razıyam".

 

Gülyaz Soltanova söyləyib ki, gələcəkdə müəllim olmaq istəyir:

 

“Çünki müəllimlik yaxşı peşədir və tək şagird olduğum üçün gələcəkdə yüzlərlə şagirdə dərs keçmək istəyərəm. Bütün fənləri sevirəm. Ən çox Azərbaycan dili fənnidən yüksək qiymət alıram. Hər gün dərsə gedib, oxuyub öyrənirəm. Boş vaxtlarımda isə şəkil çəkib, nağıl oxumağı çox sevirəm”, -  o deyib.