Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 14:25:00
Tarix dərsliklərinin üz qabıqlarındakı kobud səhvlər – Baş kəsilməsi, edam şəkillərinin şagirdlərə təsiri

"Tenderdə fərdi qaydada iştirak etdikdə  ideya daha fərqli olur. Amma bunun üçün vəsait lazımdır. Şəxsən mənə yaxşı  pul ayıran olsa, ideal kitab, dərslik yaza bilərəm”.

Dərsliklərdə mövzuların nə dərəcədə əhatə edilməsi hər zaman müzakirə mövzusu olub. Bəs, onların üz qabığı necə? Kitabın içindəkiləri tam əhatə edə bilirmi?

AzEdu.az  davamlı olaraq  dərsliklərin müəllif və dizaynerləri ilə onların üz qabığını təhlil edəcək. İlk olaraq isə elə Tarix dərsliklərindən başlayırıq:

“Kitablarda edam səhnələrinin verilməsi yolverilməzdir…”

Tarix üzrə seminar sədri Kərəm Məmmədov bildirib ki, bu fənn dərsliklərinin üz qabığında tarixi şəxsiyyətlərin əks olunmasına diqqət etmək lazımdır:

“Məsələn, həmin dövrdə nüvə silahının sınağı keçirilibsə, bu, üz qabığında əks olunmalıdır. Yeni dövrdürsə, Fransa Burjua İnqilabı, İngiltərə Burjua İnqilabında iştirak edən şəxsiyyətlərin şəklinin verilməsi daha düzgün olar”.

 Müəllimin sözlərinə görə, tarix kitablarının üz qabıqlarında ölüm səhnələri yolverilməzdir:

“Məsələn, bir vaxtlar Sovet  kitablarında I Karlın edam edilməsi səhnəsi vardı.  Axı, VIII-IX sinifdə oxuyan uşaqlara edam kürsüsünün göstərilməsi düzgün deyil. Hətta mətndə belə kiminsə başının filan formada kəsilməsi haqda yazılanlar  düzgün hesab olunmur”.

X sinif tarix dərsliklərinin müəllifi  Kamran Əsədov isə qeyd edib ki, kitabın üz qabığı onun məzmununun  əsasını təşkil edir. Burada dərslikdəki materiallar haqqında məlumatverici informasiyalar olmalıdır:

“Tarix fənnində bu, xüsusi əhəmiyyət kəsb edir. Kitabın üz qabığı o qədər peşəkar dizayn  olunmalıdır ki, şagird onu əlinə alanda artıq içindəki məsələlər haqqında ilkin təəssüratı olsun. Kitab ilk baxışdan şagirddə maraq yaratmalıdır. Tarix kitabının əhatə etdiyi dövr, mühüm tarixi hadisə, şəxsiyyətlər kimi vacib nüanslar kitabın üz vərəqində əks olunmalıdır”.

“Artıq döyüşçünün baş kəsməsi, kiminsə qətlə yetirilməsi kimi təsvirlərdən qaçmaq lazımdır”.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin ekspertləri dərslikləri dəyərləndirərkən üz qabığını ayrıca balla qiymətləndirirlər. Bu zaman bəzi kriteriyalar mütləq nəzərə alınır:

“Yəni, kitabın üz qabığı çox əhəmiyyət kəsb edir. Uğurlu olması üçün orada heç bir milli, dini ayrıseçkilik, dövlətin strateji maraqları əleyhinə olan məlumat, fakt olmamalıdır.

Kitabın üz qabığında qan, hansısa təbliğata çağırışın olması yolverilməzdir. Yəni, döyüşçünün baş kəsməsi, kiminsə qətlə yetirilməsi kimi təsvirlərdən artıq qaçmaq lazımdır. Daha çox şəxsiyyətlər, uzaqdan çəkilən döyüş səhnəsi, zəfər, arxeoloji abidə kimi məsələlərə yer vermək tövsiyə olunur”.

Bəs dərsliyin üz qabığı hazır olanadək hansı prosedurlardan keçir?

Ekspert bildirib ki, dərsliyin müəllifi kitabdakı faktları oxuyub təhlil etdikdən sonra üz qabığını dizaynerlə müzakirə edir. Dizayner də öz təkliflərini verir:

“Üz qabığındakı fotolar heç vaxt yalnız bir mövzudan, bir fəsildən ola bilməz. O, bütün kitabı, dövrləri əhatə etməlidir. Həmin kitabən əsas tarixi hadisələri də burda əks olunmalıdır. Müasir standartlara, şagirdlərin yaş xüsusiyyətinə, üz qabığının rənglərinə xüsusi diqqət verilir. Əsas olan isə üz qabığının dərsliyin içini açmasıdır”.

“Şəxsən mənə yaxşı pul ayıran olsa, ideal kitab, dərsliklər yaza bilərəm”.

İndiki dərsliklərin üz qabığının standartlara cavab verdiyini deyən ekspert bildirib ki, əvvəlcə eskizlər tenderdə iştirak edir. Seçilən eskiz kitabın üz qabığı kimi tətbiq olunur.

Amma tenderdə iştirak etsə də, qalib gələ bilməyən dərsliklər də az deyil:

“Onların da maraqlı ideyaları olur. Çünki dizayner bir deyil, bir neçə eskiz təklif edir və ekspertlər seçimdə çətinlik çəkirlər. Birini seçmək məcburiyyətində olduqlarına görə, o bilərlər qalır. Bəzən dərslik zəif yazılsa da, dizayner yaxşı işləyir. Bəzən isə əksinə olur.

Bir dəfə mən dərsliyə tam fərqli ideya vermişdim. Amma nəşriyyat tenderə qoşulursa,  iştirak edən bütün kitablara eyni dizayn verməyə məcburdur. Ona görə də, vahid dizayn tərtib olunur.

Tenderdə fərdi qaydada iştirak etdikdə  ideya daha fərqli olur. Amma bunun üçün vəsait lazımdır. Şəxsən mənə yaxşı pul ayıran olsa, ideal kitab, dərsliklər yaza bilərəm”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları