Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 16:16:00
“Hazırda müəllimlərin tam ştatla işləməsi mümkün deyil” – RƏY

Azərbaycanın ümumorta təhsil müəssisələrində 150 min müəllim fəaliyyət göstərir. Məktəbdə müəllimlərin bir çoxunun dərs saatı yarımştatı əhatə edir. Beləcə onlar məktəbə həftənin yalnız müəyyən günləri gedib-gəlirlər.

 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışlarının birində müəllimlərin yarımştat işləməsinin düzgün olmadığını qeyd edib.

 

Müəllimlərin tam ştatda fəaliyyət göstərməsini təmin etmək üçün hansı addımların atılması zəruridir? Hazırda şərait buna uyğundurmu?

 

Təhsil eksperti Elşən Qafarov AzEdu.az-a mövzu ilə əlaqədar fikirlərini bildirib.

 

Ekspert qeyd edib ki, müəllimləri tam ştatla təmin etmək üçün şəhər məktəblərində sinif saylarını artırmalıyıq: “Ölkədə 89 600 sinif kompleksində 1.600.000 şagird təhsil alır. Orta hesabla 1 sinifdə 20 şagird olmalıdır. Ancaq ucqar dağ məktəbləri ilə müqayisədə şəhər məktəblərində bu rəqəm 30-40-a qədər yüksəlir. Orta statistikaya əsasən isə 95-100 min sinif kompleksi olmalıdır. Elə fənlər var ki, onların tədris proqramında saatları az olduğu üçün tam ştata çıxarmaq mümkün deyil. Məsələn fizika, kimya, təsviri incəsənət, musiqi, eləcə də texnologiya kimi fənlər bu qəbildəndir. Həmin fənləri tam ştata keçirmək üçün tam ştatı həmin fənlərin tədris planına uyğunlaşdırmaq lazımdır. Azərbaycan dili, ədəbiyyat və riyaziyyatda tam ştat 18 saatdırsa, fizika, kimya, coğrafiya və s. fənlərdə bunu 8-10 saata qədər endirməliyik. Qeyd edim ki, icbari təhsilin həyata keçirildiyi ümumorta təhsil müəssisələrində kimya 5, fizika və coğrafiya 8 saatdır”.

 

“Yaxın 3 il ərzində müəllimlərin tam ştata çıxarılacağını düşünmürəm” - deyə E.Qafarov bildirib: “Təhsil Nazirliyi ilə Təhsil İşçilərinin Azad Həmkərlar Təşkilatının 2009-cu ilin noyabrında bağladığı müqaviləyə əsasən dərs yükü tamamlanmayan müəllimlərə qonşu məktəblər hesabına dərs verilməlidir. Əgər bu, mümkün deyilsə, o halda tədris ilinin sonuna kimi tam dərs yükünün pulu ödənilməlidir. Bu baxımdan qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir. 18 saat qaldığı müddətcə düşünmürəm ki, müəllimləri tam ştata keçirə bilərik. Ümumiyyətlə bizim 12 saatdan 18 saata keçməyimiz üçün heç bir əsas yox idi. Bu yolla özümüz özümüzü labirintə saldıq”.