Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 09:30:00
Məktəblərdəki mühüm sənəd necə hazırlanır?-Ekspertin direktorlara iradı

Çoxları müxtəlif məktəblərin təhsil siyasətindəki fərqi hiss edir. Çünki bütün orta təhsil müəssisələri müəyyən nizamnamə əsasında fəaliyyət göstərirlər. Amma onların nəyə əsasən tərtib edilməsi və orada əks olunanlar çoxlarına maraqlıdır.

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Nadir İsrafilov bildirir ki, “Nizamnamə” müəssisə və təşkilatların fəaliyyətini tənzimləyən hüquqi sənəddir. Dövlət təşkilatlarının nizamnamələri dövlət orqanları, təşkilatların nizamnamələri isə onların təsisçiləri tərəfindən təsdiq edilir.

Bu söz  ərəbcə "nizam", farsca "namə" sözlərinin birləşməsindən əmələ gəlib, nəyinsə icrası, tətbiqi üçün düşünülmüş qayda-qanun, hökm mənalarını verir. Bütün ictimai təşkilatların nizamnaməsinin olması vacibdir. Hətta beynəlxalq təşkilatların da nizamnamələri var.

Nizamnamədə nələr qeyd olunur?

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” isə Nazirlər Kabineti tərəfindən təsdiq olunur və Təhsil Nazirliyinin müvafiq əmri ilə rəsmiləşdirilir.

Nizamnamədə ümumi müddəalardan tutmuş, ümumtəhsil müəssisəsinin strukturu, fəaliyyətinin əsasları, idarə olunması, burada təlim-tərbiyə prosesinin təşkili, təhsilalan, təhsilverən, valideynlərin hüquq və vəzifələri, ümumtəhsil məktəbinin maliyyə-təsərrüfat fəaliyyəti və maddi-texniki bazası, beynəlxalq əlaqələri də daxil olmaqla, aidiyyatı sənəd və materialların toplusu əksini tapır.

 Məktəbin nizamnaməsi hazırlanarkən nələr nəzərə alınır?

 Ekspert qeyd edib ki, Nizamnamə Təhsil Qanunvericiliyi və dövlətin təhsil siyasətinin prinsipləri əsasında hazırlanır:

“Təhsil nazirliyinin verdiyi təkliflər əsasında Nizamnamədə müəyyən zəruri dəyişikliklər aparılır. Məsələn, Nazirlər Kabinetinin son qərarlarından birinə əsasən, dövlət qeydiyyatına alınan, fəaliyyətinə xüsusi razılıq verilən təhsil müəssisələrinin nizamnaməsində edilən dəyişikliklər (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) məktəbin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçisi tərəfindən təsdiq edilir. Bir müddət əvvəl Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dərslərin 15 sentyabrda başlanıb, 14 iyunda başa çatması, dərs ilinin iki yarımilə bölünməsi kimi dəyişikliklər edilmişdi”.

Nadir müəllim bildirib ki, təhsil müəssisəsinin xarakterik xüsusiyyətləri nəzərə alınmaqla, hər məktəbin  fəaliyyətini tənzimləyən daxili nizamnamənin hazırlanması zəruridir:

“Təəsüf ki, bəzi direktorlar hansısa məktəbin nizamnaməsini etalon kimi qəbul edir və bunu kopyalayaraq öz işlərini bitmiş bilirlər. Bu, yolverilməzdir. Unutmaq olmaz ki,  məktəblər özfəaliyyət yolu ilə deyil, bilavasitə təhsil qanunvericiliyinin tələblərini özündə ehtiva edən  Nizamnamə əsasında idarə olunur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları