Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-14 11:22:00
Müharibə iştirakçısı “Örnək müəllim”: “Döyüşə getməsəydim, şagirdlərin qarşısına çıxa bilməzdim”

AzEdu.az  Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə "Örnək müəllimlər" layihəsini həyata keçirib.

 

Şərqi-Zəngəzur Regional Təhil İdarəsindən seçilən "Örnək müəllimlər"dən biri də Vüsal Ramizovdur. O, müəllimlik fəaliyyətindən əlavə İkinci Qarabağ müharibə iştirakçısı olub.

 

Vüsal Ramizov 44 günlük Vətən müharibəsi xatirələrini AzEdu.az-a danışıb.

 

Müsahibəni təqdim edirik..

 

Vüsal müəllim ali təhsilini Gəncə Dövlət Universitetində aldığını qeyd edərək söhbətə başladı..

 

- Mən Ramizov Vüsal İsmayıl oğlu 27 avqust 1994-cü ildə Beyləqan rayon Türklər kəndində anadan olmuşam. Əslən Axıska türküyəm. 2000-2011-ci illərdə Şəhid Abdulla Həmzəyev adına Türklər kənd tam orta məktəbdə təhsil almışam. 2012-2016-ci illərdə Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasında təhsil almışam. Məzun olduqdan sonra hərbi xidmətə yollandım. 2019-cu ildə Müəllimlərin İşə Qəbulu imtahanında uğur qazanaraq Cəbrayıl rayon Tatar kənd tam orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başladım. İkinci iş yeri üçün 2021-ci ildə yenidən MİQ imtahanında iştirak edərək Beyləqan rayonu Qarallar kənd tam orta məktəbinə təyin edildim. İkinci Qarabağ müharibəsi iştirakçısıyam.

 

- İki iş yerində çalışmağınız sizə çətinlik törədir?

 

- İlk işə başlayanda  hər gün 140 km məsafəni qət edərək işləmək mənim üçün yorucu görünürdü. Hətta 1 ildən sonra yerdəyişmə etməyi fikirləşirdim. Ancaq işlədiyim məktəbdə  rəhbərlik, müəllimlər, eləcə də valideynlər tərəfindən o qədər mehriban qarşılandım ki, artıq həmin məktəbdə 5 ildir işləyirəm və yerdəyişmə etməyi düşünmürəm. Necə deyərlər "Eşq ilə qaçan yorulmaz". Əgər insan işini sevərək görürsə və öz işindən həzz almağı bacarırsa, çətinliklər gözə görünmür.

 

- Müəllim, qeyd etdiniz ki, 44 günlük Vətən müharibəsi iştirakçısınız. Necə oldu ki, müharibəyə yollanmaq qərarı aldınız?

 

- Müharibə başlayandan  bir gün sonra  vətən bizə oğul dedi çağırdı, biz də oğul kimi bu çağırışa səs verdik və onun uğrunda döyüşə getdik. Döyüşdə ön cəbhədə atıcı kimi vətəni müdafiə etdim. Mənim həmişə işlətdiyim bir söz var: "Həyatdakı ən böyük uğurum tarix müəllimi kimi 44 günlük Vətən müharibəsində iştirak etməyim, təhsil sahəsindəki ən böyük uğur isə şagirdlərin sevgisidir".

 

- Ön cəbhədə hər halda ekstremal hadisələrə şahid olmusunuz.. Onlardan birini bizimlə bölüşə bilərsiniz?

 

 Açıklama yok.

- Bəli şahid olmuşam. Zəngilan, Xocavənd və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Ziyarətgah dağı istiqamətində baş verən döyüşlərdə  hücum əməliyyatlarında iştirak edən zaman mənim olduğum yerə minaatanla atəş etdilər. Komandir mənim həmin yerdən sağ çıxdığımı görəndə bir söz işlətdi: "Anan namaz üstündə imiş ki, oradan sağ çıxdın". Həmin axşam telefonda evdəkilərlə danışanda nənəm dedi ki, bu gün  namaz qılanda  sənə çox dua etdim. Bizi o anaların, xalqımızın duaları və dəstəyi qələbəyə apardı. Cəbhədə olanda həmişə  şagirdlər mənə məktublar göndərirdi. Həmin məktublar bizə elə bil güc verib, ruh yüksəkliyi yaradırdı.  Məktub göndərən şagirdlərimdən Alimə Əliyeva Respublika Fənn Olimpiyadalarında Tarix fənnindən  bürünc və gümüş medal qazanıb.

 Açıklama yok.

 

- Uğrunda döyüşdüyünüz ərazilər işğaldan azad olunanda hansı hisləri keçirdiniz?

 

- Əlbəttə, hamı kimi mən də  böyük qələbəni sevinc  və qürur hissi ilə yaşadım.  Məcburi köçkün məktəbində dərs deyirdim. Həmin insanların hansı çətinliklər yaşadığını görürdüm. Məktəbdə təkcə Qubadlı, Zəngilan və Xocavənddən deyil,  eyni zamanda, digər işğal olunan rayonlardan olan şagirdlər də var idi.  Hər bir qarış torpağımız azad olunanda  düşünürdüm ki,  hansısa şagirdin,  müəllim  yoldaşımızın ata-baba yurdu azad olundu.

 

- Müharibə dövründə unuda bilmədiyiniz, sizə emosional təsir edən hansısa hadisə ilə qarşılaşmısınız?

 

- Bəli. Vüsal adlı gənc leytenantın bir əsgəri bronjletini ağır olduğuna görə çıxartmışdı. Həmin leytenant, əsgərin gördüyü işin səhv olduğunu deyib, öz bronjiletini ona vermişdi. Yanımızda  leytenant  Vüsal snayperlə  vurularaq şəhid oldu... Komandirin əsgəri qorumaq üçün canından keçməyi, əsgərin isə vətən uğrunda ölümə getməyə hazır olmağı məni kövrəldirdi. Əsgərlərdən  biri belə geri qayıtmaq sözünü işlətməyib. Həmişə irəliyə can atıblar.

 

 

- Vüsal müəllim, müəyyən qədər ağrılı hadisələrə şahidlik etmisiniz. Döyüşlərin bitdiyini eşitdiyiniz anı bizə necə təsvir edə bilərsiz ?

 Açıklama yok.

- Siz bu sualı verəndə, bir anlıq həmin günə qayıtdım. 9 noyabr gecə postda idik. Rabitə ilə Atəşkəs olduğunu dedilər. Biz elə bilirdik ki, humanitar atəşkəsdir. Bir neçə saatdan sonra eşitdik ki, düşmən təslim olub. Qələbənin hissi başqa olurmuş. Vətən, yurd eşqinə görə döyüşəndə digər hislər sanki kölgədə qalırmış. Şuşa azad olunanda bütün əsgərlər kimi mənim də sevincimin həddi-hüdudu yox idi. Qarabağ deyəndə ilk ağla gələn, Qarabağın “üzük qaşı” adlanan Şuşa azad olmuşdu. Həmişə  şagirdlərə deyirəm ki, 8 həmin 8-dir. Hansı ki, Şuşanı 8 may 1992-də işğal etmişdilər, 8 noyabrda isə azad etdik.

 

Bu gün mən Zəfər tarixini qürür hissi ilə tədris edirəm. Halbuki ilk müəllimlik fəaliyyətinə başlayan zaman qan yaddaşı kimi öyrədirdik. İndi isə biz şagirdlərimizə böyük zəfərdən danışırıq. Bu zəfəri şəhidlərin, qazilərin qanı, canı bahasına qazandıq. Qələbəni şəhidlərimizə, qazilərimizə və başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan ordusuna borcluyuq. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Allah ordumuzu,  xalqımızı qorusun!

 

- Son olaraq, şagirdlərinizə nə kimi tövsiyələr vermək istəyirsiniz?

 

- Mən düşünürəm ki, müəllim sadəcə bilik verməli deyil, həm də gördüyü işlərlə şagirdlərinə nümunə olmalıdır. Həmişə məktəb direktorumuz mən deyir ki, müharibəyə gedən günü mənlə  danışanda səsinizdən sevindiyinizi hiss edirdim. Mənə sual verdi ki,  “heç tərəddüd etmədən belə sevinclə necə getdiniz?”. Mən cavab verdim ki, “döyüşə getməsəydim şagirdlərin qarşısına çıxa bilməzdim”. Bunu etməklə şagirdlərimə nümunə olmalıydım. Onlara “vətəni sevin” deməklə yox, özümüz sevərək bunu aşılamalıyıq. Vətənə xidmət sadəcə cəhbədə olmur. Savadlı bir həkim, vicdanlı müəllim, işini dürüst yerinə yetirən peşəkar və vətənimizə layiqli bir vətəndaş olmaqla da xalqımıza və millətimizə xidmət etmiş olacayıq.