Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-18 14:35:00
Müstəqillik günü ilə bağlı məktəblərdə tədbirlər keçirildi

Qazax rayon Birinci Şıxlı kənd tam orta məktəbində 18 Oktyabr Müstəqillik günü ilə bağlı tədbir keçirilib. Tədbirlərin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə  hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini  yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf  yolunda qazandığı parlaq nailiyyətləri  təbliğ etməkdən ibarətdir.

AzEdu.az xəbər verir ki, tədbir məktəbin ibtidai sinif şagirdlərinin Azərbaycan respublikasının himninin ifası ilə başalayıb. Tədbirdə çıxış edən məktəbin direktoru Qocayev Məzahir Azərbaycan Respublikasının inkişaf etdiyini, müstəqillik qazandığımız son 27 ildə istər iqtisadi, istərsə də sosial sahədə irəlilədiyini vurğulayıb:

 "Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır".

Yığıncaqda məktəbin tarix müəllimi Vəliyev Araz Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verib:

“Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu”.

Sonra tədbir şagirdlərin iştirakı ilə bir-birindən maraqlı musiqi , şeir kompozisiyalarla  davam etdirildi.