Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-17 21:01:00
Şagirdlər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 nömrəli məktəb-liseyin şagird və müəllimlərinin bir qrupunun Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (TTM) ekskursiyası olub. AzEdu.az xəbər verir ki, məktəblilər TTM-in fəaliyyəti, şəxsi heyətin xidməti şəraiti ilə tanış olub, komandanlıqla görüşüblər.

 

Şagirdlərin valideynlərinin də iştirak etdikləri ekskursiyada məktəblilər silahlar, zirehli texnikalar, ordu həyatı, radiotexniki qoşunlar, zenit-artilleriya və zenit-raket kompleksləri haqqında ətraflı məlumatlandırılıblar.

 

Tank və piyadaların döyüş maşını məşq qurğuları salonu məktəblilərin diqqətini daha çox cəlb edib. Onlar müasir qurğular vasitəsilə zirehli texnikanın idarə olunması prosesini yaxından izləyiblər. Şagirdlərə qurğu və avadanlıq barədə məlumat verilib.

 

Sonra şagirdlər lazer trenajorlarında hazırlıq və tankəleyhinə idarəetmə qurğuları ilə praktiki çalışmaları yerinə yetiriblər. Atəş şəhərciyində Mərkəzin təlimatçıları tərəfindən zirehli texnikanın məşq qurğularında çalışmaların yerinə yetirilməsi şagirdlərə nümayiş etdirilib.

 

Şagirdlər TTM-in yeməkxanası ilə də tanış olub, hərbi qulluqçularla birgə nahar ediblər.

 

Daha sonra məktəblilərə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsində əvəzsiz xidmətlərindən, Silahlı Qüvvələrimizə qayğı və dəstəyindən, eləcə də müasir Azərbaycan Ordusunun Aprel döyüşlərində göstərdiyi yüksək döyüş qabiliyyəti və qəhrəmanlıqlarından bəhs edən film nümayiş olunub.

 

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.